Azərbaycan Mərkəzi Bank 30 noyabr 2022-ci il tarixinə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Azərbaycanda bankların xalis mənfəəti - 40% ARTIB
FED.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 490.2 milyon manat, cəmi öhdəlikləri 39 milyard 970.3 milyon manat, balans kapitalı 5 milyard 519.9 milyon manat olmuşdur.
2022-ci ilin noyabr ayında bankların cəmi aktivləri və öhdəlikləri müvafiq olaraq 1.9% artmışdır. İlin əvvəlindən isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 18.3%, 19.3% və 11.1% olmuşdur.
Bankların kredit portfeli noyabr ayında 1% (203.4 milyon manat) artaraq 19 milyard 674.2 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.8% (10 milyard 975.8 milyon manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 18.1% və ya 3 milyard 15.1 milyon manat artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.2% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1.5 faiz bəndi azalmışdır.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82.2%-i və ya 32 milyard 860.9 milyon manat). Depozit portfeli noyabr ayında 2.1% (668.8 miylon manat) artmışdır. Depozit portfelinin 65.5%-ni hüquqi şəxslərin depozitləri, 34.5%-ni fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli 0.7% (83.3 milyon manat) artaraq 11 milyard 339.9 miylon manat təşkil etmişdir. Əmanət portfelinin 53.4%-i (6 milyard 58 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 19 milyard 51.1 milyon manat olmaqla (ay ərzində artım 3.1% və ya 565.7 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (21 milyard 521 milyon manat) 88.5%-ni təşkil etmişdir (ilin əvvəli ilə müqayisədə bu nisbət dəyişməmişdir).
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında ilin əvvəlinə nəzərən 2.1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 38.9% təşkil etmişdir.
2022-ci ilin 11 ayında banklar 859.4 milyon manat xalis mənfəət, 1 milyard 239.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 196.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39.9% və 40.2% artmışdır.
30 noyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 484, şöbələrinin sayı 94, ATM-lərin sayı 2975 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1.1% və ya 249 nəfər artaraq 22551 nəfər təşkil etmişdir. (Marja)