Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin ən böyük hissəsi biznes kreditlərinin payına düşür. Sentyabrın 1-nə olan məlumata görə, problemli biznes kreditlərinin həcmi 449,4 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 milyon manat və ya 7,8% artım deməkdir.
Ötən il sentyabrın 1-də bankların problemli biznes kreditləri portfeli 416,9 milyon manat təşkil edirdi.
Bu seqmentdə artım tendensiyası ilin əvvəlindən bəri daha da sürətlənib. Ötən ilin sonuna (374,8 mln. manat) nəzərən portfel 74,6 milyon manat (19,9%) böyüyüb. Təkcə son bir ayda isə (avqusta nəzərən) 2,5 milyon manat (0,6%) artım qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, problemli biznes kreditləri portfeli ötən ilin eyni dövründə 416,9 milyon manat, ötən ilin sonunda 374,8 milyon manat, bu ilin avqustun 1-də isə 446,9 milyon manat təşkil edirdi.
Problemli kreditlərin ümumi biznes kreditləri portfelindəki payı isə 3,0% təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (3,0%) və son bir ayla (3,0%) müqayisədə dəyişməyib. Lakin ötən ilin sonu (2,5%) ilə müqayisədə portfelin keyfiyyəti 0,5 faiz bəndi pisləşib.