Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı da daimi əsasda müvafiq addımlar atır.
Eləcə də bax: Mastercard vaxtı bitmiş kartların - MÜDDƏTİNİ UZADIR
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinə qədər artırılması üçün AMB müvəkkil banklara müraciət edib. Həmin müraciət təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.
Eyni zamanda, AMB banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsini də tövsiyə edib.
Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq bu ilin mart ayında da AMB müvəkkil banklara adıçəkilən ödəniş kartlarının istifadə müddətinin artırılması ilə bağlı müraciət ünvanlayıb və həyata keçirilən tədbirlər sayəsində bank-müştəri təmasları mümkün qədər azaldılıb.
Hüquqi və fiziki şəxslər AMB-nin səlahiyyətlərinə aid məsələlər barədə qurumun "966” qaynar xəttinə zəng edə bilərlər.