Azərbaycanda fəaliyyyət göstərən daha bir bank 2020-ci ilin ilk yarısının nəticələri üzrə zərər açıqlayıb.
Eləcə də bax: Daha bir bank - ZƏRƏRLƏ İŞLƏYİR - HESABAT
FED.az xəbər verir ki, Pakistan Mərkəzi Bankının Bakı Filialı yarım ili zərərlə tamamlayıb.
Bankın hesabatlarından məlum olur ki, hesabat dövründə bankın faiz gəlirləri 149 min manat təşkil edib. Ötən illə müqayisədə bankın faiz gəlirləri 24,3% azalıb.
Özü də Pakistan bankı bu vəsaitləri kreditlərdən deyil, yalnız qiymətli kağızlardan gələn gəlirlə əldə edib. Bankın yarım il ərzində kreditlərdən qazancı cəmi 130 manat olub.
Bu dövrdə bankda faiz xərcləri də olmayıb.
İlk yarım ildə Pakistan bankı Azərbaycanda cəmi 20 min manat qeyri-faiz gəliri əldə edib. Bunun 10,8 min manatı hesablara xidmət və komissiya haqları, 9,3 min manat isə xarici valyuta əməliyyyatlarından gələn gəlirlər olub.
Əvəzində qeyri-faiz xərcləri 404 min manat olub.
Nəticədə bank ilk yarım ili 233 min manat zərərlə başa vurub.
Yeri gəlmişkən, ötən ilin eyni dövrü ilə müqayisədə, bankın zərəri bir qədər azalıb – ötən il 252 min manat idi.