Azərbaycan bankları bank sahəsində yaranan məhkəmə mübahisələrində vəkillərin rolunun artırılmasını istəyirlər.
Eləcə də bax: Qarabağda innovativ maliyyə-bank xidmətlərinin qurulması məsələləri - MÜZAKİRƏ OLUNUB
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın ən təcrübəli bankirlərindən biri - Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev oktyabrın 18-də Azərbaycan Banklar Assosiasiyası (ABA) və Vəkillər Kollegiyası arasında birgə qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanması zamanı bildirib.
FED.az xəbər verir ki, Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıb
Memorandum imzalanmasını müsbət qiymətləndirən ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev bu sənədin gələcəkdə məhkəmə-hüquq sahəsində müvafiq proseslərinin daha da təkmilləşdirilməsinə kömək edəcəyini bildirib. O qeyd edib ki, memorandum bank sahəsində yaranan mübahisələrin həllində vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına dəstək olunmasına töhvə verəcək.
Zakir Nuriyev qeyd edib ki, Memorandum bank və maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanması, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin peşəkar iştirakını, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanması və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradacaq.
Tədbirdə bildirilib ki, “Məhkəmə-hüquq sistemində islahatlarin dərinləşdirilməsi haqqinda” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni islahatların həyata keçirilməsində mühüm rol oynayıb.
Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmələrin və vahid məhkəmə təcrübəsinin yaradılması, elektron məhkəmə və icrası sisteminin tətbiq edilməsi və məhkəmə qərarlarının effektiv icrası sektor üçün xüsusi önəm kəsb edir.
Vəkillər Kollegiyasının fəaliyyətindəki müsbət dəyişikliklərin də təsiri ilə ölkəmizdə hüquqi yardım keyfiyyətinin durmadan artdığını, bu da öz növbəsində bizim sektorda xidmət və məsləhətlərin səviyyəsinin yüksəldiməsinə xidmət etdiyini qeyd edən Z.Nuriyev bank sektorunda da coxlu sayda vəkillərin çalışdığını bildirdi. O, bank mübahisələri həllində vəkillərin rolunun effektivliyinin artırılması, banklarda çalışan vəkil və hüquqşünasların güclu və nüfuzlu vəkillik institutundan bəhrələnməsi istiqamətində fəaliyyətimizin bundan sonra da davam edəcəyinə əminliyini söyləmişdir.
Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək, Vəkillər Kollegiyasının əsas vəzifələrindən birinin hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Anar Bağırov qeyd edib ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, ötən dövr ərzində Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və vəkillik fəaliyyətinin inkişafı üçün bir sıra zəruri tədbirlər görülüb. O, həmçinin Vəkillər Kollegiyasının tərkibində biznes hüququ sahəsində ixtisaslaşan, tanınmış vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsinin yarandığını və Memorandum çərçivəsində Komitə ilə ABA arasında qarşılıqlı səmərəli əməkdaşlığın olacağını da vurğulayıb.
Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib.