Azərbaycanın bank sektorunda gələcək problemlərin qarşısının alınması üçün riskəsaslı prudensial tənzimləmə metodlarından istifadə etməklə institusional islahatlar davam etdiriləcək.
Eləcə də bax: Bank sektorunda bu addımlar atılmalıdır ki - «SÜRPRİZ» OLMASIN» – MÜSAHİBƏ
Bu barədə FED.az-a müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib: «Sistem xarakterli risklərin analizi, maliyyə sektorunun tsiklik vəziyyətinin analizi, yaxın, orta və uzunmüddətli risklər üzrə proqnozların qabaqcadan hazırlanması və baş verə biləcək risklərin, böhranların idarəedilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir ki, “sürpriz”lərlə üzləşməyək. Maliyyə institutlarına konsolidasiya edilmiş nəzarətin tətbiqi genişləndirilməlidir».
Eləcə də bax: Azərbaycanda hər bir bankın - ÖLÇMƏLİ OLDUĞU 20 KPI
V.Qasımlının sözlərinə görə, ölkədə kapital tələbi ilə bağlı qanunvericilik bazasının gücləndirilməsi və ayrıca hüquqi sənədin hazırlanması zəruridir: «Hansı ki, burada sistem əhəmiyyətli təşkilatlar və digər maliyyə institutları üçün kapital buferinin təyini (kontr-tsiklik bufer, sistem əhəmiyyətli risk buferi) və s. kimi məsələlər nəzərə alına bilər».
Eləcə də bax: Azərbaycanda etibarlı bankı necə seçmək lazımdır? - ÜSULLAR
Direktor xatırladıb ki, dünya bank sisteminin böhranlar dövründəki dayanıqsızlığını nəzərə alaraq, Bazel Komitəsi “Bazel 3” çərçivə sənədinə kontr-tsiklik kapital üzrə normativləri daxil edib.
V.Qasımlının sözlərinə görə, Azərbaycanda borc intizamının gücləndirilməsi üçün əlavə addımlar da atıla bilər. Bunlardan biri borcluların ödəmə qabiliyyətinin daha dəqiq analizi və bununla bağlı banklar qarşısına yeni öhdəliklərin qoyulmasıdır: «Ölkədə borc intizamının gücləndirilməsi, qeyri-işlək kredit əmsalının nəzarətdə saxlanılması vasitələrindən biri kimi gecikmələr borclar üzrə yeganə indikator olmamalıdır. Əvəzində banklar müntəzəm olaraq borcalanların maliyyə vəziyyətini və kredit ödəmə qabiliyyətini yoxlamaqla onların şokları absorbsiya etmə qabiliyyətinə əmin olmalıdırlar».
Eləcə də bax: Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
Yeri gəlmişkən, oxşar təcrübə qonşu Gürcüstanda tətbiq edilir. 2018-ci ilin mayından etibarən Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən banklar borcalanın kredit ödəmə qabiliyyətini hərtərəfli və müfəssəl analiz etmək üzrə öhdəlik daşıyırlar və gəlirləri yoxlanılmayan borcalanlardan ibarət borc portfeli bankın tənzimləyici kapitalının 25 faizindən çox ola bilməz.
V.Qasımlının sözlərinə görə, Azərbaycanda da xarici təcrübəyə əsasən istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə yüksək borca xidmət əmsalları - DSTİ və LTV və əlavə kapital tələblərinin müəyyən edilməsi nəzərdən keçirilə bilər.
Bundan başqa, Azərbaycanda milli və xarici valyutada likvidlik və öhdəliklərlə bağlı tələblər bir birindən fərqləndirilə bilər: «İsraildə ayrı-ayrı sektorlar üzrə borclanmanın miqdarı üzrə də limitlər mövcuddur. İsrail və Gürcüstanın bankçılıq sektorunda öhdəliklərin milli valyuta ilə olması halında likvidliklə bağlı tələblər xarici valyutalara nisbətdə yumşaqdır. Lüksemburqda isə xarici valyuta üzrə risklərin idarəedilməsi məqsədilə bir sıra sərt tələblər müəyyən edilmişdir ki, bunlara da valyuta öhdəlikləri ilə aktivlərinin ödəmə müddəti və valyuta tipi arasındakı uyğunsuzluqlar, maliyyələşmə mənbələrinin konsentrasiyası və s. kimi məsələlərin müəyyən olunması, idarə edilməsi, nəzarəti və hesabatlılığı kimi məsələlər daxildir».
Xarici təcrübədə həmçinin, sistem əhəmiyyətli banklara münasibətdə bir sıra ölkələrdə əlavə kapital tələbləri qoyulur: «Belə ki, bu cür təcrübələr artıq İsrail, Lüksemburq, Gürcüstan və Niderlandda tətbiq olunmuşdur. Əlbəttə, biz beynəlxalq təcrübənin dərindən öyrənilməsi və Azərbaycan şəraitinə uyğun qərarların verilməsini təmin etməliyik. Azərbaycanın dayanıqlı maliyyə-bank sektoru sürətlə dəyişən çağırışlarla ayaqlaşır».