Diqqət: Bu materialın digər resurslarda yayılması qadağandır
KPİ - key performance indicator - hər hansı bir müəssisənin performansını qiymətləndirmək üçün istifadə olunan əsas indikatorlardır. Bankda hər bir tranzaksiyanı və servisi qiymətləndirmək üçün fərqli və çoxsaylı KPİ-lar tətbiq oluna bilər.
Eləcə də bax: Azərbaycanda bankın iflas proseduruna nə vaxt başlanılır? - QANUNUN TƏLƏBİ
FED.az xəbər verir ki, Bankda əməliyyatların idarəedilməsi, mənfəətlilik və müştəri xidmətlərinin hansı meyarlara əsasən qiymətləndirilməsi çox vaibdir. Bank haqqında fikir yürütmək istəyən investorlar və digər steykholderlər (maraqlı tərəflər) daha qısa bir siyahıya diqqət edə bilərlər.
Eləcə də bax: Azərbaycanın ən böyük və ən kiçik bankları – MƏLUM OLDU
Təqdim etdiyimiz indikatorlar istənilən ölçüdə olan bank üçün istifadə oluna bilər. Belə ki, bu indikatorlar əməliyyat və maliyyə baxımından əsas aspektləri əhatə edirlər.
Hər bir bankın ölçməli olduğu 20 KPİ
Maliyyə
- Gəlir: Bank gəlirlərinə əsasən bunlar daxildir: bankın əməliyyat fəaliyyətindən əldə olunan gəlir, banklararası və müştərilərlə əməliyyatlardan əldə olunan gəlirlər də daxil olmaqla - kreditlər üzrə faizlərdən gəlirlər - qiymətli kağızlarla əməliyyatdan ticarət gəliri və göstərilən xidmət üzrə komisyon haqlar - digər bank fəaliyyətindən gəlirlər .
- Xərc: Bank əməliyyatları zamanı yararan bütün xərclər. Adətən faiz və qeyri-faiz xərcləri adı altında iki böyük kateqoriyaya bölünür və ayrıca təqib olunur.
- Əməliyyat mənfəəti: Təməl biznes əməliyyatlarından qazanılan vəsait, faiz və vergi tutulmaları xaric. Ən sadə formada izah etsək, gəlirlərdən xərclərin çıxılması ilə əldə olunur.
*Qeyd: Yuxarıda qeyd olunan üç KPİ müqəddəs üçlük adlanır. Sizin ən başlıca steykholderlər, həmçinin investorlar və idarə heyəti bu üç göstəriciyə daha çox fokus olacaq, nəinki digərlərinə. Ona görə də, bankda bu üç göstərici daima izlənilir.
- Əməliyyat xərclərinin bütün aktivlərə nisbəti - faiz əmsalı. Bütün əməliyyat xərclərini aktivlərin manatla ifadə olunmuş cəmi məbləğinə bölürük. Əmsal faizlə ifadə olunur.
- AUM - (assets under management) idarəetmədə olan aktivlər. Bank tərəfindən idarə olunan bütün aktivlərin manatla ifadəsi. Bu göstərici dövrü - məsələn rüblük olaraq izlənilə bilər.
- İdarə olunan aktivlərin bençmarka nisbəti - Yəni sizin aktivlərin həcminin bazar ortalamasına nisbəti, faizlə ifadə olunur. Bu göstərici sizin sektora nisbətdə fəaliyyətinizi dəyərləndirməyə icazə verir.
- ROE - Bankın yaratdığı yekun mənfəətin səhmdarlara məxsus cəmi kapitala nisbəti, faizlə ifadə olunur.
- ROA - Xalis mənfəətin manatla ifadəsinin bankın bütün aktivlərinə nisbəti, əmsal faizlə ifadə olunur.
ROE= Mənfəət/xüsusi kapital x 100%
Bu göstərici dünya təcrübəsində ROE (return on equity) kimi adlanır və bankın balans və ya xalis mənfəətinin onun xüsusi kapitalına nisbəti ilə izah olunur. ROE göstəricisi səhmdar tərəfindən yatırılan vəsaitlərin məhsuldarlığını xarakterizə edərək bank fəaliyyətinin effektvliyini göstərir.
Bank fəaliyyətinin ümumi rentabelliyinin vacib göstəricilərindən digəri – aktivlərin gəlirlilik dərəcəsi (ROA-retrun on assets) - 1 manat bank aktivinin gətirdiyi mənfəətin həcmini göstərir. Bu göstərici bankın aktiv əməliyyatlarının səmərəliliyinin təhlilində, bütünlükdə bank idarəetməsinin səmərəliliyində istifadə olunur və aşağıdakı düsturla müəyyən olunur:
ROA = mənfəət/aktivlərin orta dəyəri(həcmi) x 100%
Rentabelliyin bu göstəricisinin müsbət dinamikası bank aktivlərinin istifadəsinin effektivliyinin artırılması ilə xarakterizə olunur. Eyni zamanda bu göstəricinin tez bir zamanda artması aktivlərin yerləşdirilməsi ilə əlaqədar olaraq risklərin səviyyəsinin artmasına işarədir.
Likvidlik
- Bankın likvidliyi, cari likvidlik əmsalı – bankın kreditorları, əmanətçiləri və başqa müştəriləri qarşısında öz öhdəliklərini vaxtında və itkisiz yerinə yetirmək qabiliyyətidir. Likvidlik əsasən cari aktivlərin cari öhdəliklərə nisbəti ilə hesablanır. Cari aktivlər - nağd vəsaitlər (yəni kassadakı pul), bankın digər bankların müxbir hesablarındankı vəsaitlər, Mərkəzi Bankda olan vəsaitlər, qısa müddətli qiymətli kağızları əhatə edir, yəni qısa müddətdə nağd pula çevrilə bilən aktivlərdən söhbət gedir. Cari öhdəliklər deyəndə isə bankın müştərilərinin cari hesabları, başqa bankların həmin bankda olan loro hesabları, müştərilərin 1-7 gün ərzində bitməsi gözlənilən müddətli depozitləri nəzərdə tutulur. Digər müddətli depozitlər cari likvidlik əmsalına aid deyildir. Bəzi hallarda kredit xətləri də cari öhdəliklər kimi qəbul olunur.
- Valyuta mövqeyi: İdeal halda bankın balans və balansdan kənar xarici valyutada olan aktivlərinin həcmi, valyutada olan öhdəliklərin həcminə bərabər olmalıdır. Buna qapalı valyuta mövqeyi deyilir, bu hal praktikada çox da rastlanmır. Xüsusən banklar hər hansı bir valyutanının (məsələn dollar) bahalaşacağını gözləyirlərsə, həmin valyutada olan aktivlərini öhdəliklərindən yüksək tutmağa çalışır. Valyutada olan aktivlərin həcmi öhdəliklərdən fərqli olduqda valyuta mövqeyi açıq adlanır, uzun valyuta mövqeyində valyutada olan aktivlər öhdəlikləri üstələyir, qısa mövqedə isə valyutada olan öhdəliklərin həcmi aktivlərdən daha çox olur. Həmçinin açıq valyuta mövqeyinin həcminin manat ekvivalentinin məcmu kapitala nisbəti var ki, bu da Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi normativlərlə tənzimlənir.
Keyfiyyət
- Müştəri sorğu qiymətləndirməsi: bankın performansı müştəri geridönüşləri əsasında ölçülür. Bir çox banklar müştərilərə feedback - geri dönüş ala bilmək üçün sorğular göndərir. Bu sorğuların nəticələrini daxildə qurulmuş hər hansı bir skorinq modeli ilə təqib etmək olduqca vacibdir. Siz həmçinin cavab növlərinə uyğun kateqoriyalar yarada bilərsiniz (əməkdaşların ünsiyyəti, məhsul/xidmətlərin çeşidləri, xidmət sürəti və s) Onların hər-birini ayrılıqda izləyə bilər, həmçinin yekun müştəri məmnuniyyəti ölçüsü hazırlaya bilərsiniz.
- Problemlərin ortalama aradan qaldırılma müddəti: problem müəyyən edildikdən sonra onu həll edənə qədər sərf olunan zamanın uzunluğudur. Problemlər daxili - əməliyyat, texnologiya və ya xarici səbəblər - müştərilər tərəfindən yarana bilər.
- Yeni açılan hesablarda “SƏHV” sayı: Hər hansı bir xəta ilə (hərf səhvi, yanlış ünvan, ad və s) açılmış yeni müştəri hesablarının həmin dövr ərzində açılan cəmi müştəri hesabları sayına nisbəti, bütün bank və ya filiallar üçün ayrıca hesablamaq olar. Bu göstəricini daha sonra “problemlərin ortalama həll müddəti” ilə tutuşdurmaq və əlaqələndirmək olar. Həmçinin hesablarla bağlı əməliyyatlarda xəta sayını, həmin dövrdəki cəmi əməliyyat sayına bölüb, əməkdaşların səhv etmə ehtimalını müəyyən etmək olar.
- Yetərli sənədləşmə olmadan açılan hesablar. Lazımı sənədlər olmadan açılan bank hesablarının eyni zaman müddətində açılan cəmi yeni bank hesablarına nisbəti, faiz əmsalı şəklində göstərilməklə. Bu daha öncəki KPİ ilə oxşardır, sadəcə burada yanlış informasiya deyil, çatışmayan informasiya ölçülür.
- Cəmi bank hesabları. Bank tərəfindən idarə olunan bütün hesablar, müxtəlif zaman kəsiklərində təqib olunmalıdır. Bu zaman hesabları təsnif edərək, onların artım və ya azalma tempini də müşahidə etmək olar, cari hesablar, depozit hesabları, əməkhaqqı hesabları və s.
- Bir işciyə düşən aktiv həcmi. Bank tərəfindən idarə olunan cəmi aktivlərin manat həcminin bankın cəmi əməkdaşlarının sayına nisbəti. Bu İR (insan rusursları) ilə bağlı bir göstərici olub, hər işçiyə düşən iş yükünü müəyyən etmək üçün istifadə olunur.
- Bir işçi üzrə əməliyyat mənfəəti: Cəmi əməliyyat mənfəətinin (manatla) cəmi işçi sayına nisbəti. Bu əhəmiyyətli göstərici sizə ortalama bir əməkdaş tərəfindən qazanılan mənfəəti anlamağa kömək edir. Bu rəqəmi ortalama bir əməkdaşa çəkilən xərc ilə müqayisə etmək olar. Sonra isə hər bir filial üçün eyni təhlili etmək olar.
- Filial üzrə satışlar. Bir filial üzrə edilmiş satışların manatla həcminin bütün filiallar üzrə edilmiş cəmi satışlara nisbətini tapırıq. Bu göstərici idarə heyətinə hansı filialların ən yaxşı, hansıların isə zəif performans göstərdiyini müəyyən etməyə icazə verir.
- Korporativ/Riteyl sahəsi üzrə mənfəətin ümumi mənfəətdə payını müəyyən etmək və ölçmək də banklar üçün vacib KPİ ola bilər. Bu banka hansı sektorun onlar üçün daha mənfəətli olduğunu müəyyən etməyə icazə verir. Bunun üçün hər bir sektordan olan əməliyyat mənfəətinin cəmi əməliyyat mənfəətinə nisbətini izləmək lazımdır.
- İşçi axını - müyyən dövr ərzində bankdan ayrılan işçilərin sayının həmin dövr ərzində bankda çalışan orta əməkdaş sayına nisbəti, faizlə ifadə olunur. İnsan resursları ilə bağlı bu rəqəm də hər hansı bir bankın işəgötürən tərəf kimi performansı, işçilərin axın səviyyəsini təqib etmək üçün əhəmiyyətlidir.
Nəyə görə əsas performans göstəricilərini izləmək vacibdir?
Çünki bu göstəricilər sizə bankın və onun əməkdaşlarının necə çalışması ilə bağlı təsəvvür yaratmağa icazə verir. Siz nələrin mənfəətə töhvə verdiyini, nələrinsə əksinə mənfəətinizi azaltdığını görəcəksiniz, bu isə sizə resursları bölüşdürməkdə və işçi qəbulu kimi vacib qərarlarda istiqamət verəcək. Ən son olaraq, KPİ-lar sizin bankın uğurunu dəyərləndirməyə icazə verir və onun fəaliyyətini idarə heyəti və digər steykholderlər üçün kəmiyyət göstəriciləri ilə ifadə etməyə imkan yaradır.