Azərbaycanda hər bir bank üçün rəqəmsal transformasiya ilə əlaqədar individual plan hazırlanıb.
FED.az-ın məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifələrini icra edən İbrahim Alışov bildirib.
Eləcə də bax: İbrahim Alışov: “Azərbaycan maliyyə xidmətlərinin ixracatçısına çevrilib”
İ.Alışov deyib ki, bu gün Azərbaycan Çinin təşəbbüskarı olduğu Böyük İpək Yolu layihəsinin iştirakçılarından biridir: “Bu iqtisadi kəmər layihəsinin iştirakçısı olaraq Azərbaycanda mövcud olan fiziki infrastrukturun üzərində rəqəmsal infrastrukturun qurulması və rəqəmsal həllərin həyata keçirilməsi bu gün bank sektorunun qarşısında duran əsas çağırışlardan biridir”.
MBNP-nin rəsmisi əlavə edib ki, bu gün Azərbaycanda ilk dəfə olaraq elektron və mobil rezidentliyin Rəqəmsal Ticarət Qovşağı vasitəsi ilə həyata keçirilməsinə start verilib: “Bu isə Prezidentin həyata keçirilən islahatların bir qolu olaraq artıq ölkədə bank sektoruna xarici investisiyaların cəlb edilməsi, investisiya mühitinin cəlbedici olması, eyni zamanda qeyri-rezidentlərin ölkəyə gəlmədən bank hesablarının açılması mühüm məqamlardır. Bank sektorunun üzərinə düşən əsas öhdəliklərdən biri rəqəmsallaşmadır. Maliyyə Bazarlarına Nəzarət Palatası hər bir bank üçün individual plan müəyyənləşdirib. Hər bir bank rəqəmsal transformasiyanı həyata keçirəcək. Bu gün Azərbaycanda elektron və Mobil rezidentlik funksiyalarının tətbiqində bank sektorunun önəmli rolu olmalıdır. Bu proseslər ölkəyə xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli rol oynayacaq”.
Apa