Bank sektorunda qadınların ümumi işçi sayında və son 12 ay ərzində işəgötürülənlər statistikasında ötən ilə nisbətən əhəmiyyətli dəyişiklik müşahidə edilmir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “Dayanıqlı Maliyyə üzrə sorğu nəticələri” buraxılışına istinadən xəbər verir.
Belə ki, qadınlar ümumi işçi heyətinin 39%-ni, son 12 ayda işə qəbul olunanların isə 34%-ni təşkil edir. Müqayisə üçün qeyd edək ki, keçən il ümumi işçi sayında qadınların payı 38% olub.
Rəhbərlik səviyyəsində qadınların təmsilçiliyi daha aşağıdır. Departament və şöbə rəhbərləri arasında qadınların payı 21%, MŞ və İdarə Heyəti (İH) üzvləri arasında isə bu göstərici müvafiq olaraq 9% və 11%-dir.
Gender müxtəlifliyinin nəzərə alınması ilə bağlı daxili tələblər yalnız 8 bankın sənədlərində əks olunmuşdur ki, bu da rəhbərlik səviyyəsində gender bərabərliyinin təşviqi üçün əlavə addımların zəruriliyini göstərir.