Mart ayında "Bakı Hərrac Mərkəzi"ndə hazırda ləğv prosesində olan banklara məxsus əmlakların növbəti partiyası satışa çıxarılacaq.
Belə ki, martın 4-də "Atabank", "Gəncəbank", "Yunayted Kredit Bank", "NBCBank", "Günaybank", "Muğanbank", martın 11-də "Muğanbank", martın 18-də isə "NBCBank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Bu dəfə hərracda "Atabank"a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279 kv metrlik qeyri-yaşayış binası, həmçinin bankın Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 314,30 kv metrlik qeyri-yaşayış binası satılacaq.
Hərracda "Gəncəbank"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 260 ünvanındakı dəyəri 2 milyon manat olan 816 kv metrlik qeyri-yaşayış binası satılacaq.
"Yunayted Kredit Bank"a məxsus əmlaklardan isə Xaçmaz rayonu, Şimali qəsəbəsində yerləşən dəyəri 50 min manat olan fərdi yaşayış evi və banka məxsus olan 1,5 min manat qiyməti olan "QAZ 31105 120" avtomobili də satışa çıxarılacaq.
Bununla yanaşı, hərraclara "NBCBank"a məxsus Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanındakı iki obyekt - dəyəri 500 min manat olan 263 kv metrlik və dəyəri 2,3 milyon manat olan 281 kv metrlik obyektlər satışa çıxarılacaq. Eyni banka məxsus olan Şamaxı rayonu, Məlhəm kəndində yerləşən dəyəri 200 min manat olan 464 kv metrlik fərdi yaşayış evi də bu dəfə satışa çıxarılıb.
Eləcə də bu dəfə "Günaybank"a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270 kv metrlik qeyri-yaşayış sahəsi, "Muğanbank"a məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 ünvanındakı dəyəri 1,5 milyon manat olan 218 kv metrlik qeyri-yaşayış sahəsi də satışa çıxarılıb.
Bu dəfə hərracda "Muğanbank"a məxsus dəyəri 3 min manat olan "FORD TRANSIT" markalı avtomobil də satılacaq.












