Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin direktoruna yeni müavin təyin edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Elnur Allahverdiyevdir. O, ilin əvvəlindən AMB-də Lisenziyalaşdırma şöbəsi müdiri kimi çalışır, parallel olaraq həmin vəzifədə də öz fəaliyyətini davam etdirəcək.
Eləcə də bax: Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub
E.Allahverdiyev 2016-ci ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatasında təyinat almışdı. Palata 2019-cu ilin noyabrında ləğv edildikdən sonra mandat Azərbaycan Mərkəzi Bankına ötürülmüşdü. E.Allahverdiyev də 2020-ci ilin yanvarından başlayaraq AMB-də eyni funksiyada olan vəzifəsini davam etdirməyə başlamışdı.
Ləğv olunan MBNP-dəki vəzifəsindən öncə isə Bakı Fond Birjasında çalışıb.
Mərkəzi Bankın Hüquq departamentinin təşkilati strukturu Korporativ hüquq və Maliyyə hüququ şöbəsi kimi bölmələrdən ibarətdir.
Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Direktor Rəna Məlikovadır. Departament direktoru Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Departament direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.