Azərbaycan bank sektorunda kreditləşmənin əsas drayveri olan istehlak kreditləri portfeli avqustun 1-nə 9 milyard 2,2 milyon manata bərabər olub.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 237,1 milyon manat və ya 15,9% artım deməkdir.
Belə ki, ötən ilin avqustun 1-nə əhaliyə verilən istehlak kreditlərinin həcmi 7 milyard 765,1 milyon manat idi.
Müqayisəli dinamika göstərir ki, artım bütün dövrlərdə davamlı olub. Ötən ilin sonu ilə müqayisədə portfel 557,2 milyon manat (6,6%) böyüyüb. Təkcə son bir ayda isə (iyula nəzərən) 103,9 milyon manat (1,2%) artım qeydə alınıb.
Xatırladaq ki, istehlak kreditləri portfeli ötən ilin eyni dövründə 7 milyard 765,1 milyon manat, ötən ilin sonunda 8 milyard 445 milyon manat, bu ilin iyulun 1-də isə 8 milyard 898,3 milyon manat idi.