Azərbaycan bank sektorunun ümumi kredit portfeli bu ilin avqustun 1-nə 28 milyard 498,2 milyon manata çatıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 803,5 milyon manat və ya 10,9% artım deməkdir.
Belə ki, ötən ilin avqustun 1-nə bankların cəmi kredit portfeli 25 milyard 694,7 milyon manat idi.
Portfelin digər dövrlər üzrə dinamikası da müsbətdir. Ötən ilin sonu ilə müqayisədə artım 1 milyard 20,5 milyon manat (3,7%) təşkil edib. Aylıq müqayisədə isə (iyula nəzərən) portfel 26,1 milyon manat (0,1%) böyüyüb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli ötən ilin eyni dövründə 25 milyard 694,7 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, bu ilin iyulun 1-də isə 28 milyard 472,1 milyon manat təşkil edirdi.