2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirləri 4 milyard 554,2 milyon manat təşkil edib. Bu, bankların əsas gəlir mənbəyinin rolunun daha da artdığını göstərir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 955,6 milyon manat, yəni 26,6% artıb. Aylıq müqayisədə isə artım 448,6 milyon manat, yəni 10,9% yüksəlib.
Əhalinin banklardakı əmanətləri 16 milyard manata çatdı - ƏMANTƏÇİLƏRİN SAYI İSƏ ARTMAQDA DAVM EDİR
Xatırladaq ki, bankların faiz gəlirləri bu ilin noyabrın 1-nə 4 milyard 105,6 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 3 milyard 598,6 milyon manat təşkil edib.
Faiz gəlirlərinin cəmi gəlirlərdə payı artıb
Hesablamalar göstərir ki, bankların cəmi gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin cəmi) strukturunda faiz gəlirlərinin payı 73,2%-ə çatıb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 70,5% idi. Bu, son bir ildə bankların gəlirliliyində ənənəvi kredit fəaliyyətindən əldə edilən gəlirlərin rolunun daha da artdığını təsdiqləyir.
Bankların əsas gəlir mənbəyi olan kreditlər üzrə faiz gəlirləri 2025-ci ilin dekabrın 1-nə 3 milyard 585,1 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 777,4 milyon manat (27,7%) artım deməkdir. Aylıq müqayisədə isə bu gəlirlər 350,5 milyon manat (10,8%) artıb.
Qiymətli kağızlar portfelindən əldə edilən faiz gəlirləri isə 505,9 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 113,2 milyon manat (28,8%), aylıq müqayisədə isə 42,8 milyon manat (9,2%) artıb.
Maliyyə sektorunda yerləşdirdiyi vəsaitlərdən əldə olunan faiz gəlirləri 305,3 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nəzərən 39 milyon manat (14,6%), son bir aya görə isə 35 milyon manat (12,9%) artım deməkdir.












