2025-ci ilin sentyabrın 1-nə (avqust ayının yekunu) Azərbaycanda fəaliyyət göstərən banklarda müştəri hesablarının ümumi sayı 51 milyon 637 min 680 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Müştəri hesablarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 94 min 564 ədəd, yəni 15,9%, ötən ilin sonuna nəzərən 4 milyon 358 min 686 ədəd, yəni 9,2%, aylıq müqayisədə isə 565 min 932 ədəd, yəni 1,1% artıb.
Hesabların növləri üzrə ən yüksək artım tempi depozit hesablarında qeydə alınıb. Bu hesabların sayı illik müqayisədə 223 min 123 ədəd, yəni 51,7%, ötən ilin sonuna nəzərən isə 153 min 922 ədəd, yəni 30,7% artaraq 654 min 608 ədədə çatıb. Kredit hesablarının sayı da illik 16,3% artaraq 10 milyon 774 min 314 ədəd, cari hesabların sayı isə illik 15,4% artaraq 40 milyon 208 min 758 ədəd olub.
Cari hesabların daxili bölgüsünə gəldikdə, ən yüksək artım sahibkarlıqla məşğul olan fiziki şəxslərin hesablarında müşahidə olunub. Onların hesablarının sayı illik müqayisədə 285 min 933 ədəd, yəni 28,0%, ötən ilin sonuna nəzərən isə 185 min 452 ədəd, yəni 16,5% artaraq 1 milyon 308 min 629 ədədə çatıb. Hüquqi şəxslərin cari hesabları illik 17,6% artaraq 416 min 962 ədəd, bütün fiziki şəxslərin cari hesabları isə illik 15,4% artaraq 39 milyon 791 min 796 ədəd təşkil edib.
Xatırladaq ki, cəmi müştəri hesablarının sayı bu ilin avqustun 1-nə 51 milyon 71 min 748 ədəd, ötən ilin sonunda 47 milyon 278 min 994 ədəd, 2024-cü ilin sentyabrın 1-nə isə 44 milyon 543 min 116 ədəd təşkil edib.