2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin ümumi sayı 15 milyon 874 min 203 nəfər təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank müştərilərinin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 238 min 845 nəfər, yəni 1,5% artıb. Lakin ötən ilin sonuna nəzərən müştəri sayında 125 min 352 nəfər, yəni 0,8% azalma qeydə alınıb. Aylıq müqayisədə isə müştərilərin sayı 95 min 401 nəfər, yəni 0,6% artıb.
Müştərilərin böyük əksəriyyətini təşkil edən fiziki şəxslərin sayı 15 milyon 714 min 624 nəfərə çatıb. Bu, illik müqayisədə 224 min 761 nəfər, yəni 1,5%, aylıq müqayisədə isə 94 min 381 nəfər, yəni 0,6% artım deməkdir. Bununla belə, ötən ilin sonuna nəzərən fiziki şəxs müştərilərin sayında 132 min 30 nəfər, yəni 0,8% azalma müşahidə olunur.
Hüquqi şəxs müştərilərin sayında isə bütün dövrlər üzrə artım qeydə alınıb və onların sayı 159 min 579 nəfər təşkil edib. Bu, illik müqayisədə 14 min 84 nəfər, yəni 9,7%, ötən ilin sonuna nəzərən 6 min 678 nəfər, yəni 4,4%, aylıq müqayisədə isə 1 min 20 nəfər, yəni 0,6% artım deməkdir.
Fiziki şəxslərin tərkibində sahibkarlıqla məşğul olanların sayında ən yüksək artım tempi müşahidə olunub. Onların sayı 964 min 581 nəfərə çatıb. Bu, illik müqayisədə 166 min 896 nəfər, yəni 20,9%, ötən ilin sonuna nəzərən 108 min 180 nəfər, yəni 12,6%, son bir ayda isə 14 min 522 nəfər, yəni 1,5% artım deməkdir.
Xatırladaq ki, bankların ümumi müştəri sayı bu ilin avqustun 1-nə 15 milyon 778 min 802 nəfər, ötən ilin sonunda 15 milyon 999 min 555 nəfər, 2024-cü ilin sentyabrın 1-nə isə 15 milyon 635 min 358 nəfər təşkil edib.