Emin Bahadır oğlu Bağırov "Azbizneskom" MMC-nin direktoru təyin olunub. FED.az "Turan"a istinadən xəbər verir ki, bu şirkət "Bank Avrasiya" ASC-nin 3 səhmdarından biridir.
"Azbizneskom" MMC 2008-ci ildə yaradılıb. Onun təsisçisi və ilk direktoru Əşrəf Kamilovdur. Ə. Kamilov Azərbaycanın iki iri sənaye-investisiya qrupunun son nəzarətedici tərəfi, "AtaHolding" şirkətlər qrupunun Müşahidə Şurasının üzvüdür.
ELƏCƏ DƏ BAX: Banklarda SMS xidməti neçəyədir? - SİYAHI
Emin Bağırov 2018-ci ilədək Azərbaycanın ərzaq istehsalçısı və idxalçısı olan "Delta Qrup C.O." MMC-nin icraçı direktoru vəzifəsində çalışıb. Kommersiya şirkətlərinin registrində göstərilir ki, o, hələ də qrupun Sumqayıtda yerləşən "Delta Food İndustry Supplies" MMC-nin rəhbəridir.
E. Bağırovun rəhbərlik etdiyi şirkətlərdən biri də "Great Central Builings" MMC-dir. Kapitalı 30 milyon manat olan bu şirkət 2018-ci ilin iyun ayında yaradılıb. Noyabrın əvvəlində isə "Great Central Builings" MMC başqa bir yerli şirkətə - "Reliance" MMC-yə qoşulmaq haqda qərar verib.
Turan İnformasiya Agentliyi "Bank Avrasiya" ASC-yə informasiya sorğusu göndərərək, səhmdarlarından birində ("Azbizneskom" MMC, səhmlərin 25%-i) baş vermiş kadr dəyişikliyinin onun həmin şirkətdə səhmdar strukrununun dəyişməsi ilə bağlı olub-olmadığını soruşub. Lakin bankda sualı cavabsız qoyublar.
"Bank Avrasiya" ASC 2007-ci ildən fəaliyyət göstərir. Onun iki digər səhmdarı - "Yevro Standart" MMC (37,5%) və "PMD Group" MMC-dir (37,5%) . Bankın ödənilmiş nizamnamə kapitalı 50 milyon manat, cəmi kapitalı isə bu ilin ikinci yarısının əvvəlinə 62,2 milyon manatdır.