Azərbaycanın aparıcı banklarından olan «Kapitalbank» 2020-ci ilin 1-ci rübü ilə bağlı hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 1-ci rübdə bankın faiz gəlirləri 14,2% artaraq 106,5 milyon manat, faiz xərcləri 23% azalaraq 12,6 milyon manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz xərcləri 27,2% artaraq 58,9 milyon manat, qeyri-faiz gəlirləri isə 34,4% artaraq 48,4 milyon manat təşkil edib.
Nəticədə bank 2020-ci ilin 1-ci rübünü 83,3 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Mümkün zərərlər üçün yaradına ehtiyatlardan isə 10,6 milyon manat geri qaytarılıb. Nəticədə «Kapitalbank»ın vergidən əvvəlki mənfəəti 93,9 milyon manata yüksəlib. 19 milyon manat mənfəət vergisindən sonra bank 74,9 milyon manat xalis mənfəət əldə edib. Bu ötən ilin 1-ci rübü ilə müqayisədə 57,3% artıqdır.
Qeyd edək ki, bir rüb ərzində 74,9 milyon manatlıq xalis mənfəət ölkəni bank sektoru üçün çox yüksək göstəricidir və indiyədək Azərbaycan Beynəlcalq Bankı istisna olmaqla heç bir bank bir rüb ərzində belə böyük xalis mənfəət əldə etməyib.
Bankın mənfəətinin belə kəskin artmasının əsas səbəbi ölkə üzrə böyük filial şəbəkəsinin mövcudluğu, istehlak kreditləri sahəsində böyük portfelə malik olması, eləcə də bir sıra dövlət layihələrində (pensiya və büdcə təşkilatlarının əmək haqlarının ödənilməsi) yaxından iştirak etməsidir.
Hazırda Kapital bank pensiyaların, büdcə işçilərinin əmək haqlarının, eləcə də fermerlərə subsidiyanın ödənilməsi prosesinə cəlb edilmiş yeganə özəl bankdır.
Bir qədər əvvəl «Kapital Bank»ın İdarə Heyətinin Sədri Rövşən Allahverdiyev
FED.az-a bildirib ki, bank öz siyasətinə yenidən baxmağa və istehlak kreditlərinin verilməsini əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşır.
«Biz bu günləri öz gələcək strategiyalarımız haqqında düşünürük. Sözsüz ki, biz kredit verməyi dayandıra bilmərik. Bu bizim ümumi qlobal strategiyamızdır. Amma sözsüz ki, istehlak kreditlərimizdə artım tempini müəyyən qədər azaldacağıq. Son trendlər onu göstərir ki, kiçik və orta sahibkarlığa biz daha ciddi və daha da institional yanaşmalıyıq»- deyə Rövşən Allahverdiyev bildirib (DAHA ƏTRAFLI).
Bu dövrdə bankın aktivləri 23,1% artaraq 4 milyard 412,6 milyon manata yüksəlib.
Bu dövrdə müştərilərə verilən kreditlər yarım milyard manatdan çox – 505,7 milyon manat artaraq 2 milyard 42 milyon manatı keçib. İstehlak kreditləri 298 milyon manat və ya 28,3% artaraq 1 milyard 349,2 milyon manat təşil edib.
Biznes kreditləri isə 196,1 milyon manat və ya 44,6% artaraq 636 milyon manata çatıb.
Ümumilikdə bankın xalis kreditləri 413 milyon manat və ya 31,3% artaraq 1 milyard 735,4 milyon manata yüksəlib.
Bu dövrdə Bankın öhdəlikləri 23,7% artaraq 3 milyard 912,4 milyon manata çatıb. Öhdəliklərin böyük hissəsi – 3 milyard 308,3 milyon manat bankdakı depozit və əmanətlərdir. 1-ci rübün sonuna Bankda fiziki şəxslərin əmanətləri 53 milyon manat və ya 5,8% artaraq 979,2 milyon manata çatıb. Hüquqi şəxslərin depozitləri isə 554 milyon manat və ya 31,3% artaraq 2 milyard 29,1 milyon manata çatıb.
Hazırda «Kapitalbank»ın cəmi kapitalı 500 milyon 248 min manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,8 milyon manat və ya 18,7% artıqdır.