Azərbaycanın aparıcı bankı «PAŞA Bank», «PASHA Bank Georgia» və «PASHA Bank Turkey»lə bağlı yayılan məlumatlara münasibət bildirib.
Eləcə də bax: “PAŞA Bank”ın - KREDİT REYTİNQİ ENDİRİLİB
Bankdan FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 10 fevral 2020-ci il tarixində bir sıra yerli xəbər portallarında dərc edilmiş «PAŞA Holdinq Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan PASHA Bank Georgia və PASHA Bank Turkey qurumlarını tərkibindən çıxarır» məzmunlu məqalələr anlaşılmazlıqdan irəli gələn məlumata əsaslanır və həqiqətlə uzlaşmır.
PAŞA Holdinqin mövqeyinə əsasən, bu ölkələrdə əməliyyatlar aparan törəmə banklar valyuta məzənnəsi dəyişikliklərinin təsirindən irəli gələn xərcləri qarşılamaq iqtidarındadır.
«Qeyd etmək istərdik ki, PAŞA Holdinq rekonsolidasiya ilə bağlı heç bir bəyanat yaymayıb. Odur ki, bir daha vurğulayırıq ki, məqalələrdə əksini tapan məlumatlar anlaşılmamazlıqdan irəli gəlib və heç bir əsasa malik deyil. Bu məqam «Standard & Poor's» beynəlxalq reytinq agentliyinin ekspertlərinin diqqətinə çatdırılıb və qurumun rəsmi açıqlamasında düzəliş edilərək, yenilənmiş məlumat qeyd olunub»-deyə FED.az-a bildirilib.
«PAŞA Bank» öz açıqlamasında «Standard & Poor's» rəyini xatırladır ki, güclü bazar mövqeyinə malik olan PAŞA Bank 2019-cu ilin oktyabr ayının sonuna korporativ kreditləşmə seqmentində bazar payını 18.6%-ə çatdırıb: «Beynəlxalq ekspertlər hesab edirlər ki, 2020-ci ildə PAŞA Bankın bazar payı 22% - 24%-ə çata bilər»-deyə bankdan bildirilir.
Xatırladaq ki, «S&P Global Ratings» agentliyinin «Pasha Bank»la bağlı reytinq açıqlamasında bildirilirdi ki, «Pasha Holding» kapital dəyərinə məzənnə dəyişikliklərinin təsirindən yaxa qurtarmaq üçün Gürcüstanda və Türkiyədə əməliyyatlar aparan törəmə banklarını tərkibindən çıxara bilər.