Fiziki şəxslərin cəmi əmanətləri (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri nəzərə alınmaqla) 9.4% artaraq cari ilin sentyabrın sonuna 14.2 mlrd. manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Fiziki şəxslərin əmanətlərinin böyük seqmenti müddətli əmanətlər olub. Müddətli əmanətlərdə ən böyük payı (49.2%) müddəti 1 ildən 5 ilə qədər olan əmanətlər təşkil edib.
Qeyd edilib ki, dövr ərzində dollarlaşmada sabitlik müşahidə olunub. Hesabat dövründə manatla depozitlər 4% (0.8 mlrd. manat) artaraq sentyabrın sonuna 21.8 mlrd. manat, xarici valyutada depozitlər isə 1.4% (0.2 mlrd. manat) artaraq dövrün sonuna 13.8 mlrd. manat təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 34% təşkil edib. Qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması dövrün sonuna 30.9% olub.
Hüquqi şəxslərin depozitlərinin dollarlaşması prosesi də sabitləşmişdir. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 1.1 faiz bəndi azalaraq dövrün sonuna 41.8% təşkil edib.