Azərbaycanın aparıcı banklarından olan «Turanbank» 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Eləcə də bax: «Turanbank»ın mənfəəti 10 qat artıb – BANK HESABATI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bank ötən ili də mənfəətlə başa vurub, demək olar ki, bütün əsas göstəricilərdə irəliləyiş qeydə alınıb.
«Bakertilly» audit şirkətinin hazırladığı hesabata əsasən, 2021-ci ildə «Turanbank» sürətli böyüyüb – aktivləri, kapitalı, öhdəlikləri, kredit və depozit portfeli böyüyüb.
2021-in sonunda bankın aktivləri təqribən 100 milyon dollar və ya 32% artaraq 518 milyondan 686 milyon manata yüksəlib. Bu dövrdə müştərilərə verilən kreditlər 88 milyon manat və ya 27% artaqaq 414 milyon manatı keçib.
Bankın nağd vəsaitlərində isə 55 milyon manat artım olub. 2021-ci ildə «Turanbank» qiymətli kağızlara yatırımları 2,5 dəfə artıraraq 11 milyondan təqribən 28 milyon manata yüksəldib.
Depozit portfelində sıçrayışlı artım
2021-ci ildə bankın öhdəlikləri də təqribən 100 milyon dollar və ya 34% artıb. Artımın əsas səbəbi bankda cari hesablardakı məbləğlərin və depozitlərin artımı olub – bu portfel təqribən 50% artaraq 280 milyondan 420 milyon manata yüksəlib.
Bunun 192 milyon manatı cari hesablardakı vəsaitlər və tələb edilənədək depozitlərdir. 2021-ci ildə bu göstərici təqribən iki qat artıb (2020-də 98 milyon manat idi).
Müddətli depozitlər isə 45 milyon manat və ya 25% artaraq 182 milyondan 227 milyon manata yüksəlib. Bankın hesabatından aydın olur ki, 2021-ci ildə «Turanbank»ın müştəriləri arasında ən çox artım tikinti və daşınmaz əmlak sahəsində çalışan hüquqi şəxslər olub.
«Turanbank» ötən il kapitalla bağlı məsələlərini həll edib – nizamnamə kapitalı 75 milyondan 80 milyona qaldırılıb, üstəlik 2021-ci ildə əldə edilən xalis mənfəət hesabına yığılan zərər də 5 milyon manata yaxın azalıb. Nəticədə cəmi kapital 47 milyondan 57 milyon manata yüksəlib.
Faiz gəliri və xərci artıb
Bankın böyüməsi onun gəlir-xərclərinə də təsirini göstərib. Kredit portfeli və qiymətli kağızlara yatırımların artımı bankın faiz gəlirlərini artırıb – 16% artımla 41 milyon manatı keçib. Depozit portfelinin artımı isə faiz xərclərini yüksəldib – 20% artımla 27,5 milyon manatı keçib.
Ehtimal olunan kredit zərərlərinin bərpası üçün ayrılan ehtiyatı da (4,3 milyon manat) nəzərə aldıqda «Turanbank»ın xalis faiz gəliri 17,8 milyon manata yüksəlib. Bu əvvəlki ildən təqribən 2,5 milyon manat artıqdır.
Xarici valyutadan 9 qat artıq qazanc
2021-ci ildə bankın qeyri faiz gəliri də kəskin şəkildə – 2 dəfədən çox artaraq 2,5 milyondan 5,4 milyon manaat yüksəlib. Artımın əsas səbəbi xarici valyutalarla əməliyyatlardan «Turanbank»ın əldə etdiyi yüksək gəlir olub. 2020-ci ildə banka 283 min manat gəlir gətirən əməliyyatlardan 2021-ci ildə bank 9 dəfə artıq – təqribən 2,6 milyon gəlir götürüb.
İşçilər və filialların sayı artıb
2021-ci ildə «Turanbank»filial şəbəkəsini genişləndirən azsaylı banklardan olub – 2020-ci ildə14 filial olduğu halda 2021-ci ilin sonunda bankın 15 filialı və 2 şöbəsi vardı. İşçilərin sayı isə 10%-dən çox artaraq 569 nəfərə yüksəlib.
Kollektiv və şəbəkənin genişlənməsi bankın əmək haqqı və inzibati xərclərini də yüksəldib – 2021-ci ildə işçi heyəti ilə bağlı xərclər 22% artaraq 9,2 milyon manata, inzibati xərclər isə 10% artaraq 8 milyon manata çatıb.
Mənfəəti iki dəfə, ödədiyi vergilər 4 dəfə artıb
Gəlir və xərclərdəki dəyişikliklər «Turanbank»ın mənfəətini kəskin şəkildə artırıb. Vergidən əvvəlki mənfəət əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,9 milyon manata qalxıb. Mənfəət vergisi ödənişi isə 4 dəfə artaraq 1,2 milyona çatıb.
Nəticədə bankın 2021-ci il üzrə xalis mənfəəti 4 milyon 877 min manata təşkil edib. Bu 2020-ci ilin göstəricisindən 2 dəfədən də artıqdır.