Avropa İttifaqı (Aİ) bu gündən etibarən altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın bir neçə bankını “SWIFT” sistemindən ayırır.
Eləcə də bax: Yaponiya “Rosselxozbank”a və Moskva Kredit Bankına sanksiya - TƏTBİQ EDİB
FED.az Rusiya mediasına istinadən xəbər verir ki, burada söhbət “Sberbank”, “Moskva kredit bankı”, eləcə də “Rosselxozbank”dan gedir.
Bununla yanaşı, Aİ Belarusun Yenidənqurma və İnkişaf Bankını da sözügedən sistemdən ayırır.
Xatırladaq ki, Aİ iyunun 3-ü Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib. Sözügedən sanksiyalar Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur. Bununla yanaşı, sanksiyalara əsasən, dəniz vasitəsilə daşınan Rusiya neftindən mərhələli şəkildə imtina ediləcək. Rusiyadan boru kəməri ilə neft daşınması isə müvəqqəti olaraq istisna olunacaq. (Qafqazinfo)