"AGBank" kreditlərin verilməsini dayandırdığı barədə xəbərə münasibət bildirib
Bankdan FED.az-a daxil olmuş açıqlamada deyilir:
"1992-ci il noyabr ayının 9-dan 13 saylı lisenziya əsasında fəaliyyətə başlayan AGBank ASC (o vaxtı AzəriqazBank ASC adı ilə) 26 il ərzində Azərbaycan bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralarda olmuşdur.2015-ci ildə ölkə iqtisadiyyatında baş verən dalğalanmalar, ölkənin o dövrdə əsas ixrac məhsulu neftin dəyərinin kəskin düşməsi və manatın il ərzində iki dəfə ucuzlaşması bank sektoruna da öz növbəsində mənfi təsirini göstərdi. Bəzi banklar ümumiyyətlə fəaliyyətlərini dayandırdı, digər banklar isə siyasətlərini yenidən gözdən keçirməli oldu. Əhalinin və şirkətlərin gəlirlərinin azalması öz növbəsində problemli kreditlərin kəskin artmasına səbəbiyyət verdi. Bu səbəbdən AGBank ASC problemli kredit portfelin artmaması üçün bir sıra addımlar atır. Daha dərin və riskyönümlü qiymətləndirmə aparılır və bankın müsbət tarixçəli müştərilərinə kredit ayırır.
Kreditlərin verilməsi siyasətinin dəyişdirilməsi Bankın mənfi halları aradan qaldırılması üçün atılmış adekvat addımdır. Bu heç də müvafiq bankın fəaliyyət imkanlarının məhdud olduğu anlamı daşımır. Qeyd etmək lazımdır ki, bankların fəaliyyəti yalnız kredit verilməsindən ibarət deyil. Hüquqi və fiziki şəxslərə göstərilən hesablaşma-kassa xidmətləri, ödəniş kartları xidmətləri və bir sıra digər xidmətlər bankın digər fəaliyyət sahələrinə aiddir. AGBank bu sahələr üzrə müştərilərə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.
KİV-də işıqlandırılan səhmdarların ümumi yığıncağı “Banklar haqqında qanun”a əsasən ildə ən az 1 dəfə keçirilməlidir və bu heç də bankın fəaliyyətinin pisləşməsi ilə bağlı deyil. Qeyd edilən iclas ötən fəaliyyət ilinin nəticələrini müzakirə etmək məqsədi ilə hər il keçirilən planlaşdırılmış iclasdır.
Bu cür proseslərin KİV tərəfindən qərəzli başlıq qoyularaq Bankın hüquqlarına və qanuni mənafelərinə hörmət edilməməsi “Azərbaycan Respublikasının KİV haqqında” qanunun 36.6 maddəsini pozur".
Xatırladaq ki, AG Bankın kreditləri dayandırması ilə bağlı məlumat avqustun 30-da FED.az tərəfindən yayılıb və bankın bu açıqlaması da həmin məlumata cavab məqsədilə yayılıb.
Hələ material hazırlanan zaman FED.az bu məlumatlara aydınlıq gətirmək üçün «AG Bank»a müraciət etsə də bankdan açıqlama verilməmişdi.
Bankın açıqlamasında qeyd edildiyinin əksinə olaraq, adı çəkilən məqalədə heç bir qərəz yoxdur, burada bankın üzləşdiyi problemli durum ətraflı izah edilib.
Problemli kreditlərin həddən artıq yüksək olması (ölkə üzrə orta göstəricinin 14% olması müqabilində AG bankda bu göstərici 56%-dir), davamlı zərər, kapitalın qanunvericiliyin tələblərindən aşağı olması bu durumun göstəriciləridir.
O ki qaldı məqalədə səhmdarların ümumi yığıncağının xatırlanması və bankın bu barədə açıqlamasına, məqalədə göstərilib ki, toplantıda hansı məsələlər müzakirə olunacaq.
Həmin məqaləni bir daha oxucuların diqqətinə çatdırırıq.
AG Bank kredit verməyi dayandırdı – VƏZİYYƏT ÇƏTİNDİR
Azərbaycanın ən uzunömürlü və aparıcı banklarından biri olan AG Bank kredit verməyi dayandırıb. Bu barədə FED.az-a bankdan bildirilib. Bankın əməkdaşları bildirib ki, kreditlərin verilməsi artıq bir neçə müddətdir ki, dayanıb. Amma bunun səbəbi izah edilmir. Hazırda bank bütün növ istehlak, biznes və digər kreditləri ayırmağı dayandırıb. Hətta AG Bankın məşhur olduğu ipoteka kreditləri də «limit bitməsi» səbəbindən başa çatıb.
Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. AG Bankdan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər.
Eləcədə bax: “Ata Bank” "ANS”i məhkəməyə verib - BORCA GÖRƏ
Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil. Bank 2017-ci ili 6 milyon 688 min manat zərərlə başa vurmuşdu. Eyni vəziyyət bu il də davam edib. 2018-ci ilin ilk rübündə bankın zərəri 3 milyon 223 min manat, ilk yarım ilin nəticəsində isə 5 milyon 139 min manat təşkil edib.
İlk yarım ildə bankın həm gəlirləri, həm də xərcləri 21-23% azalıb.
Bankın məcmu kapitalı 41 milyon 486 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın tələbindən 8,5 milyon manat aşağıdır. Hazırda AG Bank məcmu kapitalı tələbə cavab verməyən 5 bankdan biridir.
Son bir ildə bankın aktivləri nisbi ifadədə 3,3%, mütləq ifadədə 16,5 milyon manat azalıb.
Doğrudur, hazırda AG Bank aktivlərinin həcminə görə, ölkənin aparıcı bankları arasındadır.2018-ci ilin iyulun 1-ə olan vəziyyətə bankın aktivlərinin həcmi 487 milyon 790 min manat təşkil edib. Bu göstəriciyə görə, AG Bank ölkə bankları arasında 14-cü yeri tutur və bir sıra bankları, o cümlədən «Muğanbank», «Nikoyl», «Ekspressbank» və «Yapı Kredi Bank»ı qabaqlayır.
Amma bankın əsas narahatlıqlardan biri problemli borclardır. Bu ilin ilk yarısının nəticələrinə görə, AG Bankın vaxtı keçmiş kreditlərinin həcmi kredit portfelinin yarıdan çoxunu keçir.
Müştərilərə verilən kreditlər 263 milyon 612,15 min manatdır, ilin əvvəlindən indiyədək kredit portfeli 7,3% kiçilib. Kreditlərin 89 milyon 890,41 min manatı və ya təqribən 30%-i xarici valyutadadır.
Bankın problemli kreditlərinin həcmi 148 milyon 148,7 min manat təşkil edir. Bu da ümumi kredit portfelinin 56,2%-dir. Başqa sözlə, verilmiş hər 100 manat kreditin 56 manatının qaytarılmasında problem var.
AG Bank depozit portfelinin həcminə görə, 30 bank arasında 17-ci yeri tutur. Bankın depoxit portfeli 218,8 milyon manat təşkil edir, ilin əvvəlindən bəri azalma 15 milyon manatdır.
AG Bank filiallarının sayına görə də ölkə bankları arasında yuxarı yerlərdən birini tutur. Hazırda bankın 18 filialı və 1 şöbəsi var və bu göstəriciyə görə. 30 bank arasında 11-ci yerdədir.
Bank kapitalının artıılması üçün yeni səhm buraxaraq kənardan payçılar – yeni investorlar cəlb etməyə çalışır.
Belə ki, iyulun 26-da Maliyyə Bazarlarına Nəzarət Palatası bankın yeni səhm emissiyasını (AZ1001000970 qeydiyyat nömrəsi ilə) qeydiyyata alıb. Plana əsasən, “AGBank” ASC hər birinin nominal dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxmaqla 5,8 milyon manat cəlb edəcək. Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust 2018-ci il tarixində başlayıb və 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Səhmləri yerli vətəndaşlar və şirkətlərlə yanaşı, xaricilər də ala bilər.
Hələlik səhm emissiyasının nə qədər uğurla getdiyi bilinmir, amma artıq sentyabın 6-da bankın səhmdarlarının ümumi yığıncağının keçirilməsi nəzərdə tutulur. Yığıncaqda Bankın İdarə Heyətinin və Audit Komitəsinin hesabatlarının, maliyyə nəticələrinin və nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi nəzərdə tutulur.
Xatırladaq ki,"AGBank" ın səhmdarları aşağdakılardır.
Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) - 33,57%
Marçenko Qriqoriy - 8.30%
Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) - 5,79%
Beynəlxalq Maliyyə Korporasiyası - 4,28%
Kazimir Partners şirkəti - 2,45%
Səhmdarların ümumi sayı 83-dür. Onlardan yalnız birinin səhmləri 10%-dən artıqdır.
Qalan 82 şəxs minoritar sayılır, onların ümumi payları - 66,43%-dir.