Azərbaycanın aparıcı banklarından olan «AFB Bank» 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankın xalis mənfəəti kəskin artıb.
«Ziraat Bank Azərbaycan»ın vəziyyəti – MƏLUM OLDU – HESABAT
İlk yarım ildə «AFB Bank»ın faiz gəlirləri 6 476 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ təqribən 2 dəfə yüksək – 14 milyon manat olub.
Faiz gəlirlərinin 5 141 min manatı müştərilərə verilmiş kreditlərdən daxil olan faizlərin hesabına əldə edilib. Bundan başqa, bank qiymətli kağızlardan 1 milyon 200 min manat gəlir götürüb.
Bankın faiz xərcləri isə bu dövrdə 838 min manat olub.
Faiz xərclərinin 113 min manatı depozit və əmanətlərə görə ödənilən faizlərdir. Daha 725 min manat isə bank cəlb edilən kreditlər üzrə faiz ödəyib.
İlk 6 ayın nəticəsi olaraq bankın qeyri-faiz gəlirləri 3%-ə yaxın artaraq 3 836 min manatdan 3 946 min manata yüksəlib. Bunun böyük hissəsi - 2 913 min manatı alınan haqq və komissiya gəlirləridir. Bundan başqa, bank xarici valyuta ilə əməliyyatlardan 866 min manat əldə edib.
Qeyri-faiz xərcləri isə 7 098 min manat təşkil edib. Bunun 2 717 min manatı əmək haqqı və kompensasiyalar, 1,35 milyon manat inzibati xərclər, 2 milyon 143 min manat isə digər xərclərə aiddir.
Bundan başqa, bank aktivlər üzrə mümkün zərərlərdən ehtiyat üçün ayırdığı vəsaitlərdən 5,7 milyon manatı geri çəkib. Nəticədə «AFB Bank» 2-ci rübü 8 milyon 183 min manat həcmində xalis mənfəətlə başa vurub.
Hesabat dövrünün sonuna «AFB Bank»ın aktivləri 259 milyon 397 min manat təşkil edib. İlin əvvəli ilə müqayisədə bankın aktivləri 22 milyon manat azalıb.
Aktivlərin böyük hissəsi kredit portfelinin payına düşür. Belə ki, 2-ci rübün sonuna bankın kredit portəeli 162,4 milyon manat təşkil edib. Bu dövrdə daşınmaz əmlaka verilən kreditlər 6,5% artaraq 43 727 min manat təşkil edib.
Biznesə ayrılan kreditlər 95 096 manat, istehlak kreditləri isə 23,6 milyon manata çatıb.
Kredit portfelinin 41,4 milyon manatı mümkün zərərlər üzrə ehtiyatlara ayrılıb, nəticədə müştərilərə verilən xalis kredit portfeli 121 milyon manat təşkil edib.
2-ci rübün sonunda «AFB Bank»ın öhdəlikləri 174 milyon manat təşkil edib. Bunun 89 milyon 731 min manatı depozit portfelidir. Hesabat dövrünün sonuna bankda fiziki şəxslərin 24,5 milyon manat, hüquqi şəxslərin isə 65,2 milyon manat həcmində əmanət və depoziti olub. Kredit təşkilatları qarşısında öhdəliklər isə 76 milyon manat olub.
Hesabat dövrünün sonuna bankın cəmi kapitalı 10%-dən çox artaraq 85,4 milyon manata yüksəlib. Bunun 74,4 milyon manatı banka təsisçilərin yatardığı vəsaitdir. Bundan başqa, bankın 13,7 milyon manatlıq bölüşdürülməmiş mənfəəti toplanıb.