AFB Bank 2025–2029-cu illəri əhatə edən strateji inkişaf planı çərçivəsində əsas fəaliyyət istiqamətləri və ölçmə göstəricilərini təqdim edib.
“AFB Bank” ötən ili mənfəətlə tamamlayıb - KREDİT PROTFELİ KƏSKİN BÖYÜYÜB - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Amid Qənbərov bankın "2025 ci ilin nəticələri və strateji baxış 2029" mövzusunda keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, strategiya bankın müştəri yönümlü inkişafı, rəqəmsallaşma, ekosistem əsaslı bankçılıq və institusional gücləndirmə istiqamətlərini əhatə edir.
Strategiyaya əsasən, ilk istiqamət əsas seqmentlərdə müştəri yönümlü artımın təmin olunmasıdır. Bu çərçivədə kredit portfelinin genişləndirilməsi, aktiv müştəri sayının artırılması, bir müştəriyə düşən məhsul sayının çoxaldılması, imtiyazlı müştəri sayının yüksəldilməsi və pərakəndə müddətli əmanət portfelinin böyüdülməsi planlaşdırılır.
İkinci istiqamət ekosistem əsaslı bankçılığın inkişafını nəzərdə tutur. Bu çərçivədə tərəfdaşlıqlar vasitəsilə cəlb olunan biznes və pərakəndə müştəri sayının artırılması, aktiv ekosistem tərəfdaşlıqlarının genişləndirilməsi və müştəri dəyərinin yüksəldilməsi hədəflənir.
Üçüncü istiqamət isə insan toxunuşlu rəqəmsal bank modelinin qurulmasıdır. Bu mərhələdə tam rəqəmsallaşdırılmış müştəri təcrübəsinin yaradılması, kredit verilmə müddətinin azaldılması, mobil tətbiqin aktiv istifadəçi sayının artırılması və onlayn kreditlərin payının genişləndirilməsi planlaşdırılır.
Strategiyanın digər mühüm hissəsi güclü brend kimliyinin formalaşdırılmasıdır. Bu çərçivədə brend tanınırlığının, müştəri məmnuniyyəti göstəricilərinin və media üzrə reputasiya indekslərinin yaxşılaşdırılması hədəflənir.
Bundan əlavə, bank adaptiv və nəticəyönümlü təşkilat modelinin qurulmasını da əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə işçi bağlılığının artırılması, işçi başına düşən gəlirin yüksəldilməsi, xərclərin optimallaşdırılması və strategiyanın icra göstəricilərinin yaxşılaşdırılması planlaşdırılır.
Bank rəhbərliyi bildirir ki, müəyyən edilmiş hədəflər AFB Bankın bazardakı mövqeyini daha da gücləndirməyə və rəqəmsal bankçılıq sahəsində rəqabət üstünlüyünü artırmağa xidmət edəcək











