Xəbər verildiyi kimi, Azərbaycanda biznes sektorun maliyyələşdirilməsində əsas oyunçulardan olan, mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri - AccessBank, 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Daha bir bankın vəziyyəti məlum oldu - «ACCESSBANK» MƏNFƏƏT AÇIQLADI
Birinci rübdə bankın maliyyə nəticələrini şərh edən «AccessBank»ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib ki, 2022-ci ilin ilk üç ayı AccessBank-ın daha da güclənməsi üçün uğurlu bir rüb olub: «Biz post-pandemiya reallığına uğurla uyğunlaşaraq, komandamızla birlikdə ötən ilin ayrı ayrılıqda olan rüblərinin hər birindən daha çox qazanc əldə etdik. Nəticədə, cari ilin birinci rübündə əməliyyat gəlirlərimiz həm faiz, həm də qeyri-faiz gəlirlərinin artması hesabına əvvəlki rüblə müqayisədə 85% artaraq 2,23 milyon manat təşkil edib».
Bank sədri bildirib ki, «AccessBank» mikrokredit bazarında liderliyi qoruyub saxlamaqla yanaşı, digər seqmentlərə aid olan müştərilər üçün məhsul və xidmətləri inkişaf etdirir: «Bu ilin mart ayında yeni ödəniş infrastrukturuna keçidi uğurla başa çatdırdıq. Qeyd olunan fəaliyyətimiz bizə yaxın gələcəkdə pərakəndə müştərilər üçün xidmətlər çeşidini genişləndirməyə imkan verəcək»-deyə D.Tsiklauri bildirib.
Bank sədri «AccessBank»ın depozit portfelinin də sürətlə böyüdüyünü açıqlayıb: «AccessBank həmçinin müddətli əmanət sahibləri arasında ən etibarlı banklardan biri olmaqda qalır. Hazırda depozit portfelimiz 511 milyon manat təşkil edir ki, bu da əvvəlki rüblə müqayisədə 11%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 33% çoxdur».
«Cari ilin ilk rübündə görülən işlərin nəticələri bizə düzgün yolda olmamızla bağlı əminlik yaradır. Həmçinin ilin sonuna kimi müəyyən edilmiş strategiyanı həyata keçirərək fəaliyyət göstərdiyimiz bütün seqmentlərdə yüksək nəticələr əldə edəcəyimiz barədə heç bir şübhə yoxdur. Əlbəttə ki, komandamıza göstərdikləri zəhmətə, fədakarlığa və uğurumuza verdiyi böyük töhfəyə görə təşəkkür etmək istərdim»- deyə D.Tsiklauri bildirib.