Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Eləcə də bax: "AccessBank" qadın sahibkarlar üçün proqrama başlayır - “Access2Success“
Bankdan FED.az-a verilən məlumata görə, birinci rübün sonuna bankın aktivləri 984 milyon manat təşkil edib.
Həmin dövrdə bankın xalis kredit portfeli 630 milyon təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 667 milyon manat təşkil edib. Birinci rüb ərzində Bankın balansındakı kredit portfelinin payı 67.8%-ə qalxıb.
Bundan başqa, 2022-ci ilin ilk rübü ərzində “AccessBank” 177.0 milyon manat məbləğində kredit verib. Kredit portfelinin artımı 2021-ci ilin sonu ilə müqayisədə 5,4% (34,4 milyon manat) və 2021-ci ilin birinci rübünün sonu ilə müqayisədə isə 28% (146,0 milyon manat) təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.
2022-ci ilin mart ayının sonunda bankın depozit portfeli 2021-ci ilin sonuna nisbətən 7,9% artaraq 744,6 milyon manat təşkil edib.
Habelə, 2022-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 17.5 milyon manata bərabər olub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 43% çoxdur.
AccessBank-ın 2022-ci ilin birinci rübündə xalis mənfəəti 802.8 min manat olub.
Hazırda Bankın cəmi məcmu kapitalı 81.5 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 31.5 milyon manat çoxdur.
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
Mart ayının sonuna bankın ani likvidlik əmsalı 75.0% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri birinci rübdə bankın maliyyə nəticələrini şərh edib: “2022-ci ilin ilk üç ayı AccessBank - ın daha da güclənməsi üçün uğurlu bir rüb oldu. Belə ki, biz post-pandemiya reallığına uğurla uyğunlaşaraq, komandamızla birlikdə ötən ilin ayrı ayrılıqda olan rüblərinin hər birindən daha çox qazanc əldə etdik. Nəticədə, cari ilin birinci rübündə əməliyyat gəlirlərimiz həm faiz, həm də qeyri-faiz gəlirlərinin artması hesabına əvvəlki rüblə müqayisədə 85% artaraq 2,23 milyon manat təşkil edib.
AccessBank olaraq mikrokredit bazarında lider mövqeyimizi qoruyub saxlamaqla yanaşı, eyni zamanda digər seqmentlərə aid olan müştərilər üçün məhsul və xidmətlərimizi inkişaf etdirməyə davam edirik. Bu ilin mart ayında yeni ödəniş infrastrukturuna keçidi uğurla başa çatdırdıq. Qeyd olunan fəaliyyətimiz bizə yaxın gələcəkdə pərakəndə müştərilər üçün xidmətlər çeşidini genişləndirməyə imkan verəcək.
Qlobal gərginliyin yaratdığı təlatümün öhdəsindən gələrək beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi daha da genişləndiririk. AccessBank həmçinin müddətli əmanət sahibləri arasında ən etibarlı banklardan biri olmaqda qalır. Hazırda depozit portfelimiz 511 milyon manat təşkil edir ki, bu da əvvəlki rüblə müqayisədə 11%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 33% çoxdur.
Cari ilin ilk rübündə görülən işlərin nəticələri bizə düzgün yolda olmamızla bağlı əminlik yaradır. Həmçinin ilin sonuna kimi müəyyən edilmiş strategiyanı həyata keçirərək fəaliyyət göstərdiyimiz bütün seqmentlərdə yüksək nəticələr əldə edəcəyimiz barədə heç bir şübhə yoxdur. Əlbəttə ki, komandamıza göstərdikləri zəhmətə, fədakarlığa və uğurumuza verdiyi böyük töhfəyə görə təşəkkür etmək istərdim”.