Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan «AccessBank» cari ilin üçüncü rübün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 216,7 milyon manat, faiz xərcləri 85,7 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 29 milyon manat (15,5%), faiz xərcləri 12,7 milyon manat (17,4%) artıb.
«AccessBank» klassik bankçılıq ənənələrinə sadiq bankdır- onun əsas gəliri kredit faizlərindəndir, bu özünü faiz gəlirlərinin tərkibində də göstərir.
Faiz gəlirlərində - müştərilərə verilmiş kreditlər üzrə gəlirlər 205,4 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 5 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2,8 milyon manat yer tutur. Bunlardan başqa, «AccessBank» ticarət və investisiya qiymətli kağızlarından 2,8 milyon manat faiz qazanıbö. gəlirləri götürüb.
Faiz xərclərinin 63,5 milyon manatı depozitlər üzrə faizlərin, 944 min manatı Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərclərinin, 21,2 milyon manatı cəlb edilmiş kreditlərə görə ödənilən faizlərinin payına düşüb.
Yekunda «AccessBank»ın xalis faiz gəlirləri 130,4 milyon manata bərabər olub ki, bu da, illik müqayisədə 16,2 milyon manat və ya 14,2% çoxdur.
Hesabat dövrünün sonunda bankın qeyri-faiz gəlirləri 12,7 milyon manat olub. Əslində bu məbləğ daha yüksək ola bilərdi, çünki bankın haqq və komissiya gəlirləri 12,8 milyon manat, digər gəlirləri 330 min manat olub. Amma «AccessBank» valyuta əməliyyatlarından 415 min manat zərər edib, ona görə də qeyri-faiz gəlirləri azalıb.
Bankın 9 ay ərzində qeyri-faiz xərcləri isə 79,5 milyon manat təşkil edib. Bu məbləğin yarıdan çoxu əmək haqqı xərcləridir - 44,5 milyon manat. Ümumi və inzibati xərclər 19,1 milyon manat, amortizasiya xərcləri 4,8 milyon manat, digər xərcləri 11 milyon manat olub.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 56,6 milyon manat, mənfəət vergisi xərci 11,3 milyon manat olub. Yekun olaraq, cari ilin üçüncü rübünün sonunda bankın xalis mənfəəti 45,2 milyon manat olub ki, bu da, ötən ilin müvafiq dövrünə nəzərən 9,6 milyon manat və ya 27% daha çoxdur.
Hesabat dövrünün sonunda «AccessBank»ın cəmi aktivlərinin həcmi 1 milyard 884 milyon manat olub. Bu, cari ilin əvvəlindən bəri 114 milyon manat (6,4%) daha çoxdur.
Aktivlərin 1 milyard 422 milyon manatını (75,5%-ini) kredit portfeli təşkil edib. Kredit portfeli son 9 ayda 88 milyon manat (6,6%) artıb.
Bu dövrdə «AccessBank»ın istehlak kreditləri portfeli 26 milyon manat (9%) artaraq 315,2 milyon manata, biznes kreditləri 51 milyon manat (5%) artaraq 1 milyard 74 milyon manata, daşınmaz əmlak kreditləri 10,2 milyon manat (46%) artaraq 32,4 milyon manata yüksəlib.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi ilin əvvəlindən bəri 76,8 milyon manat (55,6%) artaraq 215 milyon manata çatıb.
«AccessBank» ilin əvvəlindən bəri qiymətli kağızlar portfelini 2,4 dəfə artırıb, nəticədə bankın bu sahəyə yatırımları ilin əvvəlindəki 59,5 milyon manatdan indi 102,3 milyon manata yüksəlib. Banklar və digər maliyyə institutlarındakı depozitlər 119,1 milyon manata bərabər olub.
Bəhs olunan dövrün sonunda bankın cəmi öhdəliklərinin həcmi 1 milyard 645 milyon manat olmaqla, son 9 ayda 107 milyon manat (7%) artıb.
Öhdəliklərin 66%-ini tutan depozitlər 1 milyard 92 milyon manata bərabər olub. Fiziki şəxslərin depozitləri 897,7 milyon manat, hüquqi şəxslərin depozitləri 194,3 milyon manat təşkil edib. Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 470 milyon manat, subordinasiya borc öhdəlikləri 17 milyon manat, digər öhdəliklər 65,9 milyon manat olub.
Nəticə olaraq, cari ilin üçüncü rübünün sonunda «AccessBank»ın cəmi kapitalı 238,7 milyon manata bərabər olub. Bu, son 9 ayda 6 milyon manat (2,6%) artım deməkdir. Kapitalın 121,7 milyon manatı səhmdar kapitalının, 102,4 milyon manatı bölüşdürülməmiş mənfəətin, 14,6 milyon manatı ümumi ehtiyatların payına düşüb.






![«AccessBank» xalis mənfəətini 10 milyon artırıb – [red]MÜSBƏT DİNAMİKA DAVAM EDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/3672596.jpg)
![«AccessBank» xalis mənfəətini 10 milyon artırıb – [red]MÜSBƏT DİNAMİKA DAVAM EDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/3002232.jpeg)
![«AccessBank» xalis mənfəətini 10 milyon artırıb – [red]MÜSBƏT DİNAMİKA DAVAM EDİR - HESABAT[/red] | FED.az](/upload/news/small/755440.jpeg)









