Likvidliklə bağlı nə bazarda, nə də ABB-də hər hansı bir problem mövcud deyil.
Abbas İbrahimov: "Körfəz ölkələrindən 200 milyon dollar vəsait cəlb etmişik"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
"Əksinə, hal-hazırda izafi likvidliyimiz var və bu səbəbdən vəsaitlərin yerləşdirilməsi üçün imkanlar axtarırıq. Ümumiyyətlə, likvidlik həm bazarda, həm də bank daxilində iki əsas göstərici ilə ölçülür: birincisi, likvidliyin örtülmə əmsalı; ikincisi isə ani likvidlik əmsalıdır.
ABB-də son bir rübdə likvidliyin örtülmə əmsalı 132% səviyyəsində olub. Azərbaycan Mərkəzi Bankının bu göstəricə üzrə normativi hazırda 90%-dir, iyun ayından isə bu tələbin 100%-ə qədər artırılması planlaşdırılır. Yəni biz tələbi 30% üstələyirik və olduqca komfortlu zonadayıq.
Ani likvidlik əmsalına gəldikdə isə, normativ 30% olaraq müəyyən edilib. ABB-də isə bu göstərici son bir rübün ortalama göstəricisinə əsasən 42–43% intervalında dəyişir. Bu baxımdan da həm bank olaraq, həm də ümumilikdə bank sektoru üzrə kifayət qədər komfortlu vəziyyətdəyik.
Hazırda bütün banklar müştərilərə daha əlverişli şərtlərlə kredit təklif etmək və öz strateji planlarını həyata keçirmək üçün rəqabət aparırlar.
Ötən ildən etibarən banklar aktiv şəkildə aktivlərin və passivlərin idarə olunmasını daha çevik şəkildə həyata keçirirlər. Çünki artıq ölkədə pul bazarları da formalaşmağa başlayıb. Banklararası pul bazarı isə likvidliyin effektiv idarə olunması üçün mühüm alətə çevrilib"- deyə sədr öz çıxışında məlumat verib.