Nə bazarda, nə də ABB-də likvidliklə bağlı problemimiz yoxdur. Ani likvidlik əmsalı üzrə tələb 30% müəyyən edilib, ABB-də isə bu göstərici son 1 rüb ərzində 42-43% aralığında təşkil edir.
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
O bildirib ki, ötən ildən etibarən artıq banklar aktiv rejimdə aktivlərin və passivlərin idarə edilməsini daha çevik formada edirlər. Ötən ildən etibarən aktiv pul bazarı formalaşıb. Banklararası pul bazarı daha çevik likvidliyi idarə etmək üçün istifadə olunur. 200 milyon dollar Körfəz ölkələrindən vəsait cəlb etmişik.
"2024-cü ildən etibarən biz maliyyələşdirilmə məntəqələrimizi genişləndirməyə başladıq, ABB xaricdən vəsait cəlb etmirdi, dedik ki, bu təcrübəmizi möhkəmləndirək. Kolleqalar Körfəz ölkələrinin bankları ilə əməkdaşlıq etdilər. Avropa ölkələrindən 12 bank tenderlərdə iştirak etdi və bizə təklif verdi. Əlverişli şərtlər varsa, biz 200 milyonu cəlb edə bilərik deyə düşündük. Biz illərdir reytinq agentlikləri ilə çalışırıq ki, hər il bizim reytinqlərimiz yaxşı olsun. Bizim sırf əlverişli şərtlərlə pul cəlb etməyimizdə bu reytinqlərin də rolu oldu", - deyə sədr qeyd edib.