ABB-nin baş direktoru Aynur Süleymanlı Özbəkistandakı “ABB Davr Bank”ının İdarə Heyəti sədrinin müavini təyin edilib.
Heybət Qədirov Özbəkistanda bankın İdarə Heyəti sədrinin müavini təyin edili
FED.az xəbər verir ki, bu barədə qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilən növbədənkənar ümumi yığıncağında qəbul olunub.
A.Süleymanlı yeni vəzifəyə ABB-nin “Davr Bank”ın 51%-lik nəzarət paketini əldə etməsindən sonra gətirilib. Onunla yanaşı, ABB-nin İdarə Heyəti sədrinin müşaviri Heybət Qədirov da bankın İdarə Heyəti sədrinin müavini təyin olunub.
Yeni təyinatların qüvvəyə minməsi üçün Özbəkistan Mərkəzi Bankının razılığı tələb olunur.
Qeyd edək ki, Aynur Süleymanlı 2018-ci ilin fevralından ABB-nin baş direktoru vəzifəsində çalışır. O, bankda insan resursları və inzibati məsələlər istiqamətinə cavabdehdir.
A.Süleymanlı 2005–2018-ci illərdə “AccessBank”da müxtəlif rəhbər vəzifələr tutub. O, 2005-ci ildə bankda insan resursları üzrə mütəxəssis kimi fəaliyyətə başlayıb, sonradan İnsan resursları departamentinin rəhbəri, 2017-ci ildən isə insan resursları və administrasiya üzrə icraçı direktor olub.
Bank sektoruna qoşulmazdan əvvəl dörd il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb.
A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetində əməyin iqtisadiyyatı və sosiologiyası üzrə bakalavr, heyətin idarə edilməsi üzrə magistr təhsili alıb. O, 2020-ci ildə ABŞ-nin Duke Universitetinin Fuqua Biznes Məktəbində strateji idarəetmə proqramını bitirib.
Xatırladaq ki, ABB 2026-cı il sentyabrın 10-da “Davr Bank”ın 51 milyon adi səhmini 1,646 trilyon suma (təxminən 140 milyon dollar) alıb. Bankın adının “ABB Davr Bank” olaraq dəyişdirilməsi də təsdiqlənib. (Banker.az)















