Azərbaycan Beynəlxalq Bankı (ABB) 2019-cu ildə neft-qaz sektorunun kreditləşdirilməsi üzrə portfelini 244,604 milyon manatadək artırıb.
Eləcə də bax: "Fitch" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqini - SABİT SAXLAYIB
FED.az xəbər verir ki, bu barədə bankın 2019-cu ilin yekunları üzrə auditi aparılmış hesabatında deyilir.
2018-ci ilin yekunları üzrə ABB-nin neft-qaz sektorunun kreditləşdirilməsi üzrə portfeli 1,045 milyon manat təşkil edib. Beləliklə, ötən il ərzində bank sözügedən kredit portfelini 234,1 dəfə artırıb.
ABB 2019-cu ildə fiziki şəxslərin kreditləşdirilməsi üzrə portfelini 1 milyard 95,309 milyon manatadək (artım 28,6%) artırıb. 576,843 milyon manat ipoteka kreditlərinin (artım 8,5%), 518,466 milyon manat isə istehlak kreditlərinin (artım 62%) payına düşüb.
31 dekabr 2019-cu il tarixinə ticarət və xidmət sahəsinin kreditləşdirilmə həcmi 559,361 milyon manat (artım 2,5%), nəqliyyat sahəsinin - 195,091 milyon manat (azalma 13%), istehsal sahəsinin - 76,625 milyon manat (artım 21,9%), tikinti və daşınmaz əmlak sahəsinin - 50,393 milyon manat (artım 11,4%), telekommunikasiya sahəsinin - 40,224 milyon manat (artım 98,7%) təşkil edib.
2019-cu ilin yekunları üzrə ABB-nin kredit portfeli 2 milyard 228,549 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 21,1% çoxdur.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,29% pay dövlətə məxsusdur.