2023-cü ildə Azərbaycanın bank sektorunun mənfəəti 1,1 mlrd. manata çatıb.
"Bankların aktivləri 49 milyard manatı keçib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev deyib.
O, 2023-cü ildə bankların 2022-ci illə müqayisədə 17% çox - 1,1 milyard manat mənfəət əldə etdiyini də qeyd edib.
Z.Nuriyevin sözlərinə görə, il ərzində bankların kapital mövqeyi də güclənib, sektorun balans kapitalı 8,4 % artaraq 6,1 milyard manat olub.
"Hesabat dövründə bank kartlarının sayı 23 % artaraq 16,6 milyon ədəd təşkil edib. Bu artımın böyük hissəsi təmassız kartların hesabına baş verib. Belə ki, son 12 ayda ölkədəki kart sayında artım 3,1 milyon ədəd olub ki, bunun da 95,4 %-i məhz təmassız ödənişlərə imkan verən kartlardır. Ümumilikdə isə ödəniş kartlarının 76 %-dən çoxu təmassız ödənişləri dəstəkləməkdədir. POS -terminallarla ödənişlərin isə 91 %-dən çoxu məhz təmassız ödənişlərin payına düşməkdədir", - Zakir Nuriyev əlavə edib. (Apa)