Növbəti həftədən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində kreditlərin restrukturizasiyası həyata keçiriləcək.
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev AZTV-nin “Günün nəbzi” verilişinə verdiyi müsahibəsi zamanı deyib.
Kompensasiyaların verilməsinin ilk gününü şərh edən Z.Nuriyev qeyd edib: "Heç bir bankda heç bir problem yaranmadan, heç bir vətəndaşın hər hansı bir problemi çıxmadan ilk günü biz uğurla başa vurduq. Bu isə bizə inamla deməyə əsas verir ki, bundan sonra, qarşıdakı günlərdə də biz vətəndaşlarımıza nəzərdə tutulan kompensasiyaların ödənişlərini uyğun şəkildə həyata keçirə biləcəyik".
Banklar Assosiasiyasının sədri bildirib ki, artıq vahid kredit forması təsdiq edilib: "Bu təsdiq edilmiş vahid kredit forması ilə biz bütün vətəndaşlarımıza növbəti həftədən başlayaraq kreditlərin restrukturizasiyasını da həyata keçirə biləcəyik. Paralel olaraq həm kompensasiyaların ödənişi həyata keçiriləcək, həm də vətəndaşların banklarda olan kreditlərinin restrukturizasiyasını həyata keçirəcəyik".
Eləcə də bax: Başqasının adına götürülmüş avtomobil kreditində kompensasiya kimə veriləcək?