Şəhər və rayonlararası sərnişindaşımada istifadə edilən mikroavtobusların bir çoxunun təyinatı dəyişdirilib. Həmin nəqliyyat vasitələri yükdaşıma üçün nəzərdə tutulsa da, sonradan təyinatı dəyişdirilərək sərnişin avtobusu kimi istifadə edilir.
Bəs yük avtomobilinin təyinatını dəyişdirib sərnişin avtobusu kimi istifadə etmək olarmı?
FED.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, yükdaşıma üçün nəzərədə tutulan bəzi mikroavtobusların təyinatını dəyişərək sərnişindaşımaya cəlb etmək mümkündür. Ancaq bu zaman təhlükəsizlik amillərinə ciddi fikir verilməlidir.
Ərşad Hüseynovun fikrincə, 7-8 yerlik avtomobillərlə, eləcə də mikroavtobuslarla sərnişindaşımada xeyli boşluqlar var ki, bu da həmin nəqliyyat vasitələrinin tez-tez qəza törətməsinə gətirib çıxarır. Ekspert məsələyə fərdi yox, ümumi şəkildə yanaşılmalı olduğunu təklif edir.
Ərşad Hüseynovun sözlərinə görə, rayonlara sərnişin daşıyan qatarlarının fəaliyyətinin dayanadırılması, eləcə də iri tutumlu avtobusların sayının azlığı da mikroavtobus və taksilərin sayının artmasına səbəb olub. (Xezerxeber.az)