2025-ci ilin yanvar-mart aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində ümumilikdə 144,1 milyon manatlıq məhsul istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalında 20,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalında isə 3,1 faiz artım qeydə alındığını göstərir.
Parça artdı, geyim istehsalı azaldı - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-mart ayları ərzində 1302 ədəd minik avtomobili istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 695 ədəd və ya 2,1 dəfə çoxdur. 01.04.2025-ci il tarixinə olan məlumata görə, hazır məhsul ehtiyatı 134 ədəd təşkil edib.
Bu dövrdə 28 ədəd yük avtomobili istehsal edilib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 96% azalma deməkdir. Hazır məhsul ehtiyatı 15 ədəd təşkil edir. Traktor istehsalında da azalma müşahidə olunur. Yanvar-mart aylarında cəmi 124 ədəd traktor istehsal edilib, bu da ötən ilin eyni dövrünə nisbətən 25,3 faiz azalma deməkdir. Hazır məhsul ehtiyatı isə 11 ədəd olaraq qeyd olunub.
Bu sahədə nasosların istehsalı 1112 ədəd təşkil etmiş və ötən ilin eyni dövrünə nisbətən istehsalda 33,5% azalma baş verib. Ştanqlı quyu nasosları istehsalında isə 36,1 faiz azalma qeydə alınıb və 1052 ədəd istehsal olunub. Maraqlıdır ki, fontan armaturlarının istehsalı sahəsində heç bir məhsul istehsal olunmayıb.
Digər tərəfdən kran, qapaq və klapanların istehsalı azalıb – 1,1 ton məhsul istehsal edilib, bu da ötən ilin göstəricisinin cəmi 2 faizi deməkdir.
Yekun olaraq, 2025-ci ilin ilk üç ayı avtomobil və maşınqayırma sənayesində həm böyümə, həm də geriləmələrin bir arada yaşandığı dövr olub.