Azərbaycanın yerli avtomobil istehsalçısı "Azərmaş" ASC-nin dövlət satışları ötən il kəskin azalıb.
Eləcə də bax: "Xəzər Lada" şirkətinin xalis mənfəəti - ARTIB
FED.az xəbər verir ki, şirkətin 2021-ci ildə dövlət satınalmaları üzrə ümumi gəlirləri 19 tender üzrə 6,104 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə müqayisədə 1,9 dəfə azdır. Belə ki, "Azərmaş" 2020-ci ildə 11 tender üzrə 11,363 milyon manatlıq gəlir əldə etmişdi.
Ötən il "Azərmaş Group"un gəlirlərinin 6,082 milyon manatı minik, yük avtomobilləri və sərnişin avtobuslarının satılması, 21,4 min manatı isə təmir xidmətləri ilə bağlı olub. 2021-ci ildə "Azərmaş" dövlət satınalmaları vasitəsilə 300-dən çox nəqliyyat vasitəsi satıb. 2020-ci ildə isə şirkətin nəqliyyat vasitələrinin satışından əldə etdiyi gəlir 11,071 milyon manat, nəqliyyat vasitələrinin icarəsindən əldə etdiyi gəlir 282,4 min manat, nəqliyyat vasitələrinə xidmət üzrə isə 8,9 min manata bərabər olub.
Qeyd edək ki, “Azərmaş” 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilib, 4 min manat nizamnamə kapitalı var. Şirkət hazırda "Xəzər" (İran Khodro) avtomobillərin istehsalını, Özbəkistan istehsalı olan “Ravon” və Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılmasını həyata keçirir. (Apa)