Prezident İlham Əliyev Bakı şəhəri və ölkənin digər ərazilərində yaradılan ödənişlə parkinqlərdə toplanan vəsaitlərin istifadəsi qaydası ilə bağlı fərman imzalayıb.
Bu dəfə MİDA-nın ilk mənzili 27-ci saniyədə satıldı – UCUZ MƏNZİLLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, dövlət başçısının təsdiqlədiyi «Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası» «Yol hərəkəti haqqında» qanuna əsasən hazırlanıb və dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə ilə bağlı məsələləri tənzimləyir.
Beləliklə, qaydalara əsasən, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla ölkənin digər ərazilərində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.
Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bank hesabına yığılır.
Qaydaya görə, Daxili İşlər Nazirliyi və Agentlik həmin vəsaitlərdən aşağıdakı istiqamətlər üzrə istifadə edə bilərlər:
1. parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);
2. parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;
3. parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;
4. parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;
5. nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;
6. yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;
7. parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;
8. işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.
Qaydaya əsasən toplanan pullardan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün də istifadə oluna bilər. DİN toplanan vəsaitin 50%-ə qədərini, AYNA isə 30%-ə qədərini sosial məqsədlə sərf edə bilər.
Bundan başqa, AYNA yuxarıda göstərilən tədbirlərlə yanaşı, toplanan pullardan ümumi istifadədə olan avtobusla müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi üçün də istifadə edə bilər.