Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsi və bu iki yanacaq növü arasındakı qiymət fərqinin azalması dizel ilə işləyən avtomobillərin qiymətində müəyyən azalmaya səbəb ola bilər.
Eləcə də bax: «Avtobusdan və qənaətcil avtomobillərdən istifadə edin» - HÖKUMƏTDƏN TÖVSİYƏ
FED.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlı bildirib ki, dizelin qiymətində dəyişmə bu yanacaqla işləyən avtomobillərə marağı bir qədər azalda bilər:
“Mühərrik həcmi böyük olan və eyni konfiqurasiyaya malik, dizel və benzinlə işləyən eyni markalı avtonəqliyyat vasitələri arasında bəzən 3-5 min manat qiymət fərqi olurdu. İndi hesab edirəm ki, bu fərq aradan qalxacaq, təqribən 1-2 min manat qiymət fərqi qalacaq”.
Ekspert hesab edir ki, ümumilikdə isə yanacağın qiymətindəki dəyişiklik avtomobil bazarında qiymətlərə ciddi təsir etməyəcək:
“Avtomobillərin qiymətinə daha çox idxala tətbiq olunan müəyyən məhdudiyyətlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”. (Trend)