Azərbaycanda benzinin bahalaşması ictimai nəqliyyatdan və qənaətcil avtomobillərdən istifadəni həvəsləndirəcək.
FED.az xəbər verir ki, bu barədə Tarif Şurasının açıqlamasında bildirilir. Xatırladaq ki, Tarif Şurasının yanvarın 4-də verdiyi qəararla A-92 benzini və dizel yanacağının qiyməti artırılıb. benzinin qiyməti 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
Açıqlamada deyilir ki, Aİ-92 markalı benzin əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq: «Həmçinin bu artım ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır».
Şuranın açıqlamasında bildirilir ki, bahalaşmadan əldə edilən vəsait əhalinin sosial dəstəyinə sərf ediləcək: «Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək».