Azərbaycana xaricdən idxal edilən hibrid avtomoillərin sayı və qiyməti kəskin artıb.
Eləcə də bax: Şöbə müdiri: “Hibrid avtomobillərin satışında güzəştlər tətbiq olunur”
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk 3 ayında ölkəyə xaricdən 3 140 hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən) avtomobil gətirilib.
Bu - ötən ilin eyni dövrü ilə müqayisədə 1300 ədəd və ya 71% artıqdır. Xatırladaq ki, ötən ilin ilk 3 ayında xaricdən Azərbaycana 1831 ədəd hibrid avtomobil gətirilmişdi.
Hibrid avtomobillərin idxalında dəyişiklik təkcə onların sayının artması ilə bağlı deyil. Komitənin məlumatından aydın olur ki, ölkəyə gətirilən hibrid avtomobillərinin qiyməti də artmaqdadır.
Belə ki, ötən il ölkəyə gətirilən hibrid avtomobilinin orta qiyməti 5 617 dollar idisə, 2022-ci ilin ilk rübündə gətirilən hibrid avtomobillərinin orta qiyməti 8 582 dollar təşkil edib. Başqa sözlə «hibrid»lərin orta qiyməti 53% artıb.