Bu ilin yanvar ayında Azərbaycana 125,7 milyon dollar dəyərində 6 min 774 ədəd minik avtomobili idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrünə nisbətən 132 ədəd azdır.
Bu dövrdə idxal edilən avtomobillərin ümumi dəyəri isə əvvəlki ilə nisbətən 3,5 milyon dollar və ya 2,9% artıq olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində ölkəyə 122,2 milyon dollar dəyərində 6 min 906 minik avtomobili gətirilmişdi.
Bu ilin yanvarında idxal olunan minik avtomobilinin orta qiyməti 18 min 557 dollar (təxminən 31 min 547 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 17 min 697 dollar (təxminən 30 min 085 manat) idi. Bu da illik müqayisədə 860 dollar (1 462 manat) və ya 4,9% bahalaşma deməkdir.
Avtomobil idxalının azalması nəticəsində vaxtilə ajiotaj müşahidə edilən Bakı gömrük terminalının parklanma ərazisi tamamilə boş qalıb.
Azalmanın əsas səbəbi 2026-cı ilin əvvəlindən avtomobillər üçün gömrük və vergi güzəştlərinin başa çatmasıdır. Nəticədə 2025-ci ilin sonunda ölkəyə dayanmadan maşın daşıyan iş adamları artıq avtomobil gətirməyə tələsmirlər.
Çünki çünki ötən ilin son aylarında həm şirkətlər, həm də vətəndaşlar qarşıdakı ayların tələbatını ödəyəcək qədər avtomobil idxal etmişdilər. Yəni 2025-ci ilin sonunda bitən ''güzəşt bumu'' bazarda süni doyma yaradıb.











