Sumqayıtın avtomobil bazarında qiymətlər 1 500-2000 manat artıb.
Azərbaycanda maşınların - CƏMİ 5 FAİZİ YENİDİR
FED.az xəbər verir ki, bahalaşma daha çox istehsal tarixi 10 ildən artıq olan (2013-cü ilə qədər istehsal olunmuş) maşınlarda müşahidə edilir.
Bazar iştirakçıları bunu bu ildən həmin maşınların ölkəyə idxalının məhdudlaşdırılması ilə izah edir (qanunla yaşı 10 ildən çox olan avtomobillərin ölkədə idxalı qadağandır).
Satıcı Rizvan Şirinov deyir ki, alıcılar əsasən ili köhnə olan maşınlara üstünlük verir: "Həmin maşınlar isə daha ölkəyə gətirilmir, bu baxımdan onların qiymətinin artması təbiidir".
Digər satıcı Cənnət İmanov isə bildirir ki, bahalaşma həm də havaların istiləşməsi ilə bağlıdır, çünki bir çox insanlar avtomobili yaya doğru alırlar.
Ümumilikdə satıcılar qiymət artımından narazı görünür və qiymət artımının satışa mənfi təsir edəcəyindən ehtiyatlanırlar.
"Bazarda qiymətlər od tutub yanır. Avtomobillər çox bahadır. Büdcəmizə uyğun maşın tapa bilmirik", - bunu isə alıcı Elnur Rzayev deyir.
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, 2024-cü il Azərbaycanda avtomobil biznesi üçün fərqli bir ildir: "Çünki bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu tədbir ölkəmizin avtomobil parkının vəziyyətinə daha diqqətlə yanaşmağımıza bir təkandır. Nəzərə alsaq ki, son illər dövlət başçısının sərəncamları ilə ölkənin avtomobil sektoruna müsbət təsir edən bir çox addımlar atılıb. Bu addımlardan sonra yeni ekoloji avtomobillərin qiymətlərinin enməsini müşahidə etdik. Buraxılış ili 10 ildən yuxarı olan avtomobillərin ölkəyə girişinin qadağan edilməsi də avtomobil parkının yenilənməsi istiqamətində atılmış mühüm addımdır. Lakin bəzi işbazlar bu amildən istifadə edərək yaşı 10-dan yuxarı olan avtomobilləri daxili bazarda süni qiymətlərlə təqdim etməyə başlayıb. Bunu nəzərə alan vətəndaşlar 2-ci əl avtomobil almağa tərəddüd edirlər", - deyə o qeyd edib.
Assosiasiya rəhbəri əlavə edib ki, bu vəziyyətdə daxili yanma mühərrikli yeni avtomobillərə də sərfəli bank kreditləri tətbiq edilsə, yaxşı olar: "Belə olan halda vətəndaşlar sərfəli şərtlərlə yeni avtomobil əldə edərdilər. Bu isə həm ölkəmizin ekoloji durumuna, həm də avtomobil parkımızın daha sürətli yenilənməsinə səbəb olardı. Nəzərə alsaq ki rəsmi dilerlərin satdığı avtomobillərdə son illər heç bir qiymət artımı yoxdur, bu, vətəndaşlarımız üçün də bir fürsət olardı". (Report)