Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələri və ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edib. Bir çox xarici avtomobil istehsalçıları Rusiya bazarından çıxdığını açıqlayıb. Digərləri isə avtomobillərinin qiymətini kəskin artırmağa başlayıb.
Eləcə də bax: "Volkswagen" Rusiyada avtomobil istehsalını - DAYANDIRIR
FED.az xəbər verir ki, arsenalında "Volkswagen" markasından əlavə "Audi", "Skoda", "Lamborghini", "Bentley" və "Ducati" olan Almaniyanın "Volkswagen" konserni Rusiyaya avtomobil tədarükünü dayandırıb.
"Toyota Motor" artıq Rusiyaya "Toyota" və "Lexus" avtomobillərinin ixracını dayandırıb, martın 4-dən isə Sankt-Peterburqdakı "Toyota" zavodu komponentlərin olmadığı səbəbindən fəaliyyətini məcburi olaraq dayandıracaq.
ABŞ-ın "General Motors" avtomobil konserni Rusiyaya avtomobil ixracını müvəqqəti dayandıracağını açıqlayıb. Xatırladaq ki, bu konsern hər il Rusiyaya 3 minə yaxın "Cadillac" və "Chevrolet" avtomobilləri tədarük edirdi.
Almaniya avtomobil istehsalçısı "Porsche AG" avtomobillərinin Rusiya dilerlərinə daşınmasını dayandırıb. MAN şirkəti də Rusiyaya yük maşınlarının və avtobusların tədarükü, həmçinin Sankt-Peterburqdakı zavodda avtomobillərin yığılmasını dayandırıb.
Yaponiyanın "Mazda Motor" və "Honda Motor" şirkətləri də sanksiyalara qoşularaq öz məhsullarının Rusiyaya ixracını dayandırdıqlarını elan ediblər.
"Sollers Ford" birgə müəssisəsi 3 mart 2022-ci il tarixindən etibarən Yelabuqadakı zavodda avtomobil yığımını dayandırıb.
"Renault" isə fevralın 25-də ehtiyat hissələrinin tədarükündə yaranan dayanmalar səbəbindən Moskvadakı zavodunun fəaliyyətini dayandırıb. Planlaşdırılır ki, fasilələr martın 13-dək davam edəcək, lakin müddət daha bir həftə uzadıla bilər.
"Stellantis" ("Opel", "Peugeot", "Citroen", "Jeep") hasilatı xaricə köçürmək və ya sanksiyalara görə hasilatı azaltmaq imkanlarını araşdırır.
Bundan başqa, 28 fevral tarixindən Almaniyanın "Daimler Truck" konserni Rusiyanın ən böyük yük maşını istehsalçısı "KamAZ"la bütün sahələrdə əməkdaşlığı dayandırıb.
"Mitsubishi Motors" isə martın 1-də bildirib ki, tətbiq edilən iqtisadi sanksiyalar tədarük zəncirinin pozulmasına səbəb ola biləcəyi üçün Rusiyada avtomobillərinin istehsalını və satışını dayandıra bilər.
İsveçin "Volvo Cars", "AB Volvo" və "Scania" şirkətləri də Rusiyada avtomobillərinin satışını dayandırdıqlarını açıqlayıblar.
Almaniyanın BMW AG konserni Rusiyaya avtomobillərin həm tədarükünü, həm də Kalininqraddakı "Avtotor" zavodunda avtomobillərin yığımını qeyri-müəyyən müddətə dayandırıb.
"Nissan Motor Company" beşinci nəsil "Pathfinder" orta ölçülü krossover modelini Rusiya bazarına çıxarmaq planlarından imtina edib. Sestroretskdəki (Sankt-Peterburq vilayəti) "Hyundai Motor Manufacturing Rus" (HMMR) avtomobil zavodu martın 1-də işini dayandırıb. "Jaguar Land Rover" isə dünyada mövcud vəziyyətlə bağlı ticarət problemləri ilə əlaqədar Rusiyaya avtomobil tədarükünü dayandırıb. (Apa)