Bakı şəhəri, Nərimanov rayon sakini Xəqani Hüseynov üzləşdiyi maşın alverçiləri tərəfindən dələduzluğa məruz qalıb.
Eləcə də bax: Azərbaycanda elan saytlarında yeni dələduzluq – 3000-5000 MANAT İTİRƏNLƏR VAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, media nümayəndəsi X.Hüseynov iddia edir ki, məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələ də nəticə yoxdur: “Bu ilin aprelində “Kia Rio” markalı avtomobilimi elan saytında Mirheydər Seyidli adlı şəxsə satdım. 9 min dollara razılaşdıq. 2 min dollar nağd verdi, 7 min dolları da maşını adına keçirəndən sonra bank vasitəsilə göndərəcəyini dedi. Banka gedəndə “pulu göndərdim, hesaba oturacaq” dedi. Bankda da təsdiqlədilər ki, pulun hesaba oturması bir qədər vaxt ala bilər. Amma sonradan məlum oldu ki, bu şəxs dələduz şəbəkənin üzvü imiş. Pulu göndərmədiyi üçün şikayət etdim. Çoxsaylı şikayətlərimdən sonra adam barəsində cinayət işi başlanaraq həbs edildi. Mən isə iş üzrə zərərçəkmiş kimi tanındım. Amma avtomobilim geri qaytarılmadı. Hazırda istintaq orqanı tərəfindən maşının üzərinə həbs qoyulub. Amma avtomobil cərimə meydançasına gətirilmir”.
Şikayətçinin sözlərinə görə, sözügedən maşını satdığı gün elan saytında 1500 manat aşağı qiymətə satışa qoyulduğunu görüb: “Bu adam maşını məndən alandan sonra təcili üçüncü bir adama satıb. Əslində satdığı adam da öz tanışıdır. Çünki əvvəlcə dedi xalam oğludur. Sonra dedi tanışımdır. Sonra tam başqa şey dedi. Müstəntiq isə deyir ki, Mirheydər hər şeyi öz üzərinə götürüb, heç kəsin adını vermir, maşından əlini üz. Sözündən belə çıxdı ki, yəni pul da, maşın da batdı. Maşın hazırda şəhərdə şütüyür. Cərimə meydançasına qoymaq belə çətindir?”
İddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirildi ki, hazırda məsələ ilə bağlı istintaq aparılır: “İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Məsələnin hüquqi tərəflərinə gəlincə, qanunvericiliyə əsasən, zərərçəkmiş şəxsin aldatma və ya etibardan sui istifadə etmə nəticəsində əmlakını, əmlaka dair hüquqlarını ələ keçiriblərsə, həmin əmlak dələduzun vurduğu ziyan nəticəsində əldən çıxıbsa, əmlak qaytarılmalıdır. Sözügedən avtomobil cinayət predimeti və maddi sübut hesab edildiyi üçün duracağa yerləşdirilməlidir. Baxış keçirilməli və bundan sonra zərərçəkən şəxsə qaytarılmalıdır.