2025-ci ilin ilk 6 ayında Azərbaycana idxal olunan elektromobillərin sayında və ümumi dəyərində ciddi azalma baş verib. Hesabat dövründə ölkəyə cəmi 929 ədəd elektromobil gətirilib.
Minik avtomobillərinin idxalı 22% artdı: Orta qiymət də bahalaşıb
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 576 ədəd və ya 38,27 faiz azdır. 2024-cü ilin ilk yarısında idxal olunan elektromobillərin sayı 1 505 ədəd təşkil etmişdi.
Dəyər baxımından da geriləmə müşahidə olunur. Əgər 2024-cü ilin ilk 6 ayında elektromobillərin idxalına 62 milyon 214 min 400 dollar xərclənmişdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 31 milyon 625 min 360 dollara qədər enib. Yəni idxal dəyərində 49,17 faiz və ya 30 milyon dollardan çox azalma baş verib.
Orta idxal qiyməti də aşağı düşüb. 2024-cü ildə 1 elektromobilin orta idxal qiyməti 41 min 338 dollar idisə, bu il həmin göstərici 34 min 42 dollara qədər azalıb. Bu isə 17,65 faiz ucuzlaşma deməkdir.
Manatla hesablandıqda, bir elektromobilin idxal dəyəri 2024-cü ildə 70 min 275 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 57 min 872 manata düşüb. Burada da eyni səviyyədə, yəni 17,65 faiz azalma qeydə alınıb.