Hazırda güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsini genişləndirilməsi müzakirə edilir.
FED.az xəbər verir ki, bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.
T.Alverdiyevin sözlərinə görə, qərarın verilməsi hazırda tətbiq edilən güzəştlərin effektivliyindən asılı olacaq: "Hazırda güzəştlər mühərrikin həcmi 2 500 kubsantimetrə qədər olan ekoloji təmiz avtomobillərə şamil edilir. Bu proqram 3 illikdir. Biz baxacağıq görək bu güzəştlər necə effekt verir".
Azərbaycan Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə deyib ki, hazırda ölkədə 33 elektromobil enerji doldurma məntəqəsi var: "Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir. Bu məntəqələrdən 2-si Gəncədə, digərləri isə Quba, Kürdəmir və başqa regionlarda mövcuddur". (Report)