2023-cü ilin sonuna qədər Çin Rusiya və Meksika bazarlarına tədarükün artması səbəbindən ilk dəfə olaraq dünyanın ən böyük avtomobil ixracatçısı olacaq.
11 ayda Çin Azərbaycana 140 milyon dollarlıq avtomobil - İXRAC EDİB
FED.azxəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının ilkin məlumatlarına görə, yanvar-noyabr aylarında Çində yığılmış avtomobillərin ixracı illik müqayisədə 58,4% artaraq 4,41 milyon ədəd təşkil edib. Yaponiya üçün həmin dövrdə bu rəqəm 3,99 milyon avtomobil təşkil edib, ilin sonunda isə ixracın ümumi həcmi 4,3 milyon ədəd proqnozlaşdırılır.Yaponiya son illərdə dünya avtomobil ixracatçıları reytinqində yalnız 2016-cı ildə bir dəfə Almaniyaya uduzmaqla birinci yeri tutur.
Çinin mövqeyini gücləndirən əsas amillərdən biri sanksiyalar nəticəsində Avropa və Yaponiya şirkətlərinin tərk etdiyi Rusiya bazarında satışın artması olub. 2023-cü ilin ilk 11 ayında Çin Rusiya Federasiyasına 730 minə yaxın avtomobil tədarük edib ki, bu da 2022-ci illə müqayisədə yeddi dəfə çoxdur.
Rusiyadan sonra ikinci yerdə Çin avtomobillərinin tədarükünün il ərzində 71% artaraq 330 min ədədə çatdığı Meksika qərarlaşıb. Çinlilər Meksikada ABŞ və Kanada bazarlarına mümkün genişlənmə üçün tramplin rolunu oynayacaq böyük müştəri bazası yaratmağa çalışırlar.
Çin həmçinin elektrik avtomobillərinin və digər alternativ enerji vasitələrinin qlobal ixracını əhəmiyyətli dərəcədə genişləndirib. Çin elektromobilləri Avropa ilə yanaşı, Yaponiya şirkətlərinin ənənəvi olaraq güclü mövqeyə malik olduğu Cənub-Şərqi Asiya ölkələrində də populyarlıq qazanır. Məsələn, elektrik mühərrikli Çin avtomobillərinin Taylanda ixracı ötən illə müqayisədə iki dəfə artıb. (Marja)