Çinin avtomobil istehsalçısı BYD şirkətinin Özbəkistandakı filialı Azərbaycanda avtomobil yığmaqda maraqlıdır.
Sumqayıt Kimya Sənaye Parkında yeni şirkət - 29 milyon manatlıq layihə, 600 iş yeri
FED.az xəbər verir ki, bunu şirkətin Özbəkistandakı satış müdiri Azimjon Həsənov bildirib.
O qeyd edib ki, hazırda şirkət Özbəkistanın Çizak şəhərində ildə 50 min avtomobil istehsal edir: “Əsas modellərimiz "Song Plus" və "Chazor"dur. İstehsal prosesi ştamplama, yığma, boyama və qaynaq işlərini əhatə edir”.
A. Həsənovun sözlərinə görə, hələ Azərbaycanda istehsalla bağlı hər hansı əlaqə yaradılmayıb: “Lakin biz Azərbaycan bazarını araşdırırıq. Əgər əməkdaşlıq üçün maraq və tələbat olarsa, şirkət burada da fəaliyyət göstərməyə hazırdır”.
Mənfəət məsələsinə toxunan menecer əlavə edib ki, bu, Azərbaycanda yaradılacaq şəraitdən asılıdır: "Yaxşı şərtlər təmin olunarsa, şirkət əməkdaşlıq imkanlarını qiymətləndirəcək".
BYD avtomobilləri Özbəkistanda istehsal olunur və sonradan dilerlərə verilir, satışı da onlar həyata keçirir. (Report)