Azərbaycan hökuməti ilə Çinin BYD şirkəti arasında imzalanmış Azərbaycanda elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair müqavilə çərçivəsində “Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Kimya Sənaye Parkında rezident statusu verilib.
FED.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
İnvestisiya dəyəri 29 milyon manatdan çox olan layihə çərçivəsində 600 nəfər işlə təmin ediləcək. Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənin bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Avtobuslar BYD markası adı altında satışa çıxarılacaq və ilkin mərhələdə 12 metr uzunluğunda olan "BYD K9UD" model avtobusların istehsalı həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.
Avtobuslar ilkin mərhələdə daxili təlabatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə ixrac ediləcək.